Provakasiya daşıyıcıları... Hadisə

Provakasiya daşıyıcıları...

Arzu Şirinova

Dağlıq Qarabağ probleminin həlli məqsədilə yaradılan ATƏT-in Minsk qrupu və qrupa daxil olan həmsədr ölkələr-Rusiya, ABŞ və Fransanın bu illər ərzində fəaliyyətləri hər kəsin gözü qarşısındadır. Yəni Azərbaycan hakimiyyətində təmsil olunan ayrı-ayrı vəzifəli şəxslərin də etiraf elədikləri kimi, sözügedən qurum yaranan gündən bu yana münaqişənin həlli istiqamətində hər hansı bir irəliləyişə nail olmayıb. Əksinə, həmsədr ölkələr qurumdakı üzvlərini dəyişməklə işlərini bitmiş sayırlar. Eyni zamanda, gələn yeni həmsədrlər iddia olunduğu tək heç də özlərini "təcrübəli və işini yarıdacaq" diplomat kimi göstərmirlər. Məsələn, ABŞ-ın yeni həmsədri Ceyms Uorlik Dağlıq Qarabağ probleminin həllində verəcəyi töhfənin yolunu tapıb. Belə ki, həmsədr özünün Tvitter səhifəsində iki gündən bir status yazıb paylaşır. Onun statuslarına bir daha diqqət çəkirəm-"Konfliktin həlli üçün variantlar axtarmaq lazımdır. Məsələn, ABŞ problemin həllinə necə köməklik edə bilər? Biz bir yol tapmalıyıq", "May ayında Los-Ancelesdə Ermənistan-Amerika və Hyustonda Azərbaycan-Amerika cəmiyyəti ilə görüşərək Dağlıq Qarabağ münaqişəsini müzakirə etmək üçün səbirsizlənirəm".
Ötən həftə isə amerikalı həmsədr Ceyms Uorlik yenə də öz Tvitter səhifəsində yazıb ki, münaqişə tərəfləri Azərbaycan-Dağlıq Qarabağdır. Onun fikrincə, danışıqlar da birbaşa Dağlıq Qarabağla aparılmalıdır. Sözsüz ki, həmsədrin bu yanaşması cavabsız qalmayıb. Azərbaycanın xarici işlər nazirinin müavini Araz Əzimov bildirib ki, amerikalı həmsədr ABŞ-ın erməni diasporunun nümayəndələri ilə sıx əlaqələrə malikdir:"Hansı ki, onlar münaqişənin həllində barışmaz mövqedən çıxış edirlər. Sosial şəbəkələrdəki qeydlərə hətta gözucu baxmaq kifayətdir ki, amerikalı həmsədrin ABŞ-dakı erməni diasporu ilə təmaslara daha çox üstünlük verdiyini görəsən. Bununla yanaşı Uorlik nəyə görəsə erməni kütləvi informasiya vasitələrinə müsahibələrinin istinadlarını həvəslə bölüşür, Azərbaycan jurnalistləri ilə təmasları barədə isə susur. Onun bəzi mülahizələri provakasiya xarakterlidir. Amerikalı həmsədrin Ermənistanla Azərbaycan arasında münaqişənin alovlana biləcəyi haqda şansısa şaiyələri tirajlamasını başqa cür qiymətləndirmək mümkün deyil. Bütün bunlar amerikalı həmsədrin mövqeyi və məqsədləri haqda müəyyən nəticələr çıxarmağımıza əsas verir".
Araz Əzimovun tənqid etdiyi tək amerikalı həmsədr və yaxud keçmiş həmsədrlər deyil ki, hər zaman Azərbaycanın maraqlarını heçə sayırlar. Bu sırada Rusiya və Fransa da var ki, bu ölkələrin Dağlıq Qarabağ münaqişəsində erməni maraqlarından çıxış eləmələri ABŞ-ı bəlkə də kölgədə qoyur.
Məsələn, fransalı keçmiş həmsədr Bernar Fasye vaxtilə bildirirdi ki, "Azərbaycan Dağlıq Qarabağ ərazisini işğal edib". Rusiyalı keçmiş həmsədr Yuri Merzlyakovsa açıq-aşkar söyləyirdi ki, ölkəsi Dağlıq Qarabağı Azərbaycan ərazisi hesab eləmir. Bəhs etdiyim həmsədrləri yeniləri əvəzlədi. Bu dəfə də onlar eyni olmasa da, buna bənzər ifadələr səsləndirdilər. Artıq xəbər var ki, fransalı həmsədr Jak Foru yeni vasitəçi əvəzləyəcək. Bu barədə məlumat verən erməni politoloq Kayts Minasyan qeyd edib ki, Fransa yaxın vaxtlarda Minsk qrupu çərçivəsində danışıqlar prosesində aktivliyini artırmaq niyyətindədir. Onun sözlərinə görə, vasitəçilik missiyasında Jak Foru təcrübəli fransız diplomat, Fransanın Moldovadakı səfiri Pyer Andri əvəz edəcək.
Erməni politoloqun çox həvəslə və tərifləyə-tərifləyə Pyer Andri barədə məlumat verməsi o deməkdir ki, gələn həmsədr digərlərindən işğalçı Ermənistanı müdafiə etməkdə daha da çox fərqlənəcək. Çünki bu illər ərzində baş verən proseslər bunu deməyə əsas verir. Yəni gələn həmsədr özündən əvvəlkinin "atasına rəhmət oxutdurur".