57 rayon və şəhərdə əmək yarmarkaları keçirilib Hadisə

57 rayon və şəhərdə əmək yarmarkaları keçirilib

2017-ci ildə Dövlət Məşğulluq Xidməti tərəfindən 57 rayon və şəhərdə əmək yarmarkaları təşkil olunub.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSMN) verilən məlumata görə, tədbirlərdə aidiyyəti rayon və şəhərlərdə fəaliyyət göstərən müəssisələr üzrə boş (vakant) iş yerləri işaxtaran və işsiz vətəndaşlara təklif olunub. Yarmarkalar zamanı 4 min nəfərə yaxın şəxsə seçdikləri və peşə bacarıqlarına, əmək vərdişlərinə uyğun olan vakant iş yerlərinə göndərişlər verilib. Onlardan 100 nəfərə qədəri sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslər olub ki, həmin şəxslər işlə təmin olunmaq üçün kvota əsasında ayrılmış iş yerlərinə göndəriliblər. Əmək yarmarkalarında göndəriş verilən şəxslərdən bu günədək artıq 88 faizi göndərildikləri iş yerlərində işlə təmin ediliblər.
Qeyd olunan aktiv məşğulluq tədbirlərində həmçinin 114 nəfər vətəndaşa haqqı ödənilən ictimai işlərə göndəriş verilib. Peşə və ixtisası olmadığı üçün özünə münasib iş yeri tapa bilməyən, yaxud peşə və ixtisasına uyğun gələn iş tapa bilməyən, bu səbəbdən yeni peşəyə yiyələnmək istəyən 245 nəfər şəxs əmək bazarının tələblərinə uyğun peşələr üzrə peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edilmələri üçün qeydiyyata alınıblar.
Cari ildə Dövlət Məşğulluq Xidməti tərəfindən Bakı, Gəncə, Sumqayıt, Lənkəran, Mingəçevir şəhərlərində yerləşən ümumilikdə 10 ali təhsil müəssisəsində tələbə və məzunların əmək bazarına çıxışının dəstəklənməsi məqsədilə "Karyerada ilk addım" devizi altında aktiv məşğulluq tədbirləri də təşkil olunub. Bu tədbirlərdə tələbə və məzunlara işəgötürənlərlə ilkin əlaqələr qurmaq, işəgötürənlərə müvafiq ixtisaslar üzrə kadrların seçimini aparmaq imkanı yaradılıb, həmçinin boş (vakant) iş yerlərinə göndərişlər verilib, ixtisasartırma kurslarına cəlb edilmək istəyənlərin qeydiyyatı aparılıb.