Ağ Ev nazirlərin ictimai bəyanatları üzərində nəzarəti zəiflədəcək Dünya

Ağ Ev nazirlərin ictimai bəyanatları üzərində nəzarəti zəiflədəcək

Stiven Millerin Ağ Ev aparatının rəhbəri vəzifəsinə gəlişindən sonra Amerika idarələrinin rəhbərləri ictimai kommunikasiya məsələlərində daha çox müstəqillik əldə edəcəklər.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Fox News" telekanalı ABŞ Prezident administrasiyasının daxili memorandumuna və mənbələrə istinadən məlumat yayıb.

Sənədə əsasən, Ağ Evin Nazirlər Kabinetinin katibi vəzifəsi idarə rəhbərlərinə dəstək vermək məqsədi daşıyan Nazirlər Kabineti ilə qarşılıqlı əlaqə üzrə direktor vəzifəsinə çevriləcək. Memorandumda deyilir: "Hər bir idarə rəhbəri öz nazirliyinin ən yaxşı rəhbəri və təmsilçisidir və yeni vəzifə Ağ Evə amerikalıların maraqları naminə sürətli, mühüm və uzunmüddətli nəticələrə nail olmaq üçün kabineti zəruri resurslar və dəstəklə təmin etməyə imkan verəcək".

Telekanalın həmsöhbətlərinin iddiasına görə, Millerin sələfi Syuzan Uaylsın dövründə idarələrin demək olar ki, bütün ictimai kommunikasiyaları Ağ Evin mərkəzləşdirilmiş nəzarəti altında olub. Administrasiyanın keçmiş əməkdaşlarından biri bildirib ki, Uayls razılaşdırılmamış ictimai bəyanatlar veriləcəyi təqdirdə aralıq seçkilərdə respublikaçıların məğlubiyyətinə görə məsuliyyətin nazirlərin üzərinə qoyula biləcəyi barədə onlara xəbərdarlıq edirdi.

Memorandum həmçinin siyasi qərarların hazırlanması qaydasının dəyişdirilməsini nəzərdə tutur. Bu proses Ağ Ev aparatı rəhbərinin siyasi məsələlər üzrə müavini və prezidentin milli təhlükəsizlik üzrə köməkçisi tərəfindən səlahiyyətlərin dəqiq bölüşdürülməsi ilə koordinasiya ediləcək.

Məryəm Quliyeva