“Sonsuzluğun müalicəsində müasir texnologiyaların rolu“ Hadisə

“Sonsuzluğun müalicəsində müasir texnologiyaların rolu“

Mayın 12-də Gəncə şəhərində Mərkəzi Klinika Bakı Xəstəxanası və Mərkəzi Klinika Gəncə xəstəxanasının birgə təşkilatçılığı ilə "Sonsuzluğun müalicəsində müasir texnologiyaların rolu" mövzusuna həsr olunan beynəlxalq elmi-praktik konfrans keçirilib. Tədbirin açılışını Mərkəzi Klinik Xəstəxananın Baş Direktoru İxtiyar Sultanov edərək iştirakçıları salamlayıb və tədbir iştirakçılarına Xüsusi Tibb Xidmətinin rəisi, akademik Cəmil Əliyevin ünvanladığı təbrik məktubu oxunub. Məktubda deyilir: "Ümidvaram ki, bu konfrans, müasir ginekologiyanın yeni metodlarının, xüsusən də sonsuzluğun müalicəsində müasir texnologiyaların respublikamızın regionlarında tətbiqinə layiqli töhfəsini verəcək".
Daha sonra professor Kadir Savan, dosent Serdar Ceylaner, dosent Gülay Ceylaner, Mərkəzi Klinika Qadın Mərkəzinin rəhbəri Tibb elmləri namizədi Mahirə İsmayılova, mərkəzin mütəxəssisləri- doktor Sevinc Sevdimalıyeva, embrioloq İlyas Karayaka və digərləri elmi mühazirələrlə çıxış ediblər. Konfrans elmi-praktiki müazakirələrlə öz işini davam etdirib.
Məlum olduğu kimi bu gün regionların sosial-iqtisadi inkişafı, o cümlədən də səhiyyə xidmətlərinin təkmilləşdirilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Bu nöqteyi-nəzərdən Mərkəzi Klinika və Gəncə Müalicə Diaqnostika Mərkəzinin yüksək səviyydə əməkdaşlığı, nəinki Gəncə şəhərinin, eyni zamanda həmin regionun əhalisinin beynəlxalq standartlara uyğun xidmətlər, o cümlədən də müasir ginekoloji xidmətlər almaq imkanlarını artırıb. Bunun bariz nümunələrindən biri də, artıq bir ildən çoxdur ki, Mərkəzdə sonsuzluğun müalicəsində yeni texnologiyaların, o cümlədən yardımcı reproduktiv texnologiyaların tətbiqi ilə xəstələrin müalicəsinin uğurla həyata keçirilməsidir. Mərkəzdə sonsuzluğun müalicəsində ən müasir üsul sayılan Ekstrakorporal Mayalanma və Embrioloji laboratoriya yaradılaraq ən müasir tibbi avadanlıqla təchiz edilib. Məhz bu gün Mərkəzi Klinika və Gəncə Müalicə Diaqnostika Mərkəzinin birgə təşəbbüsü ilə keçirilən "Sonsuzluğun müalicəsində müasir texnologiyaların rolu" mövzusuna həsr olunan bu elmi-praktik konfransın əsas məqsədi də, dünyada bu sahədə mövcud olan elmi nailiyyətlərə yiyələnmək, yenilikləri respublikamızda tətbiq etmək və müvafiq mütəxəssislərlə təcrübə mübadiləsi aparmaqdan ibarətdir.