Xarici ekspertlər Gəncə Dövlət Universitetində təqdimatla çıxış ediblər Hadisə

Xarici ekspertlər Gəncə Dövlət Universitetində təqdimatla çıxış ediblər

Təhsil Nazirliyinin təşkilatçılığı ilə "Azərbaycanda ali təhsil sisteminin gücləndirilməsinə dəstək 2018-2020" Tvinninq layihəsinin Gəncə Dövlət Universitetində (GDU) təqdimatı keçirilib. Universitetin Mətbuat və ictimaiyyətlə əlaqələr xidmətindən bildirilib ki, tədbirin məqsədi ali təhsil müəssisələrini, digər maraqlı tərəfləri və geniş ictimaiyyəti növbəti iki ildə Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçiriləcək layihənin məzmunu və əsas gözləntiləri barədə məlumatlandırmaqdır.
Tədbirdə Milli Məclisin deputatı, universitetin elm və innovasiyalar üzrə prorektoru Pərvin Kərimzadə, Təhsil Nazirliyinin rezident Tvinninq müşaviri üzrə tərəf müqabili Yaşar Ömərov, Gəncədə fəaliyyət göstərən universitetlərin professor-müəllim heyəti, layihəyə cəlb olunmuş ekspertlər iştirak edib. Universitetin elm və innovasiyalar üzrə prorektoru Pərvin Kərimzadə tədbiri açaraq bildirib ki, Azərbaycan dünya təhsilində müşahidə olunan meyilləri və çağırışları nəzərə alaraq təhsilin insan kapitalının inkişafı sahəsindəki rolunu düzgün dəyərləndirməyə və bu istiqamətdə davamlı tədbirlərin həyata keçirilməsinə xüsusi diqqət yetirir. Bu baxımdan, Prezident İlham Əliyev tərəfindən 2013-cü ildə təsdiq olunmuş " Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası" yüksək səriştəli təhsil verənlərə və müasir texnologiyalara əsaslanan infrastruktura malik, keyfiyyət səviyyəsinə görə dünyada öncül mövqe tutan təhsil sistemi formalaşdırılması məqsədini daşıyır. Milli təhsilimizin prioritetlərini və təhsil sahəsində əsas fəaliyyət istiqamətlərini müəyyənləşdirən bu konseptual sənəd hər bir şəxs üçün bərabər və keyfiyyətli təhsil imkanlarının yaradılmasını nəzərdə tutur.
Prorektor qeyd edib ki, son dövrdə Gəncə şəhərində yerləşən üç universitet - Gəncə Dövlət Universiteti, Azərbaycan Texnologiya Universiteti və Azərbaycan Dövlət Aqrar Universiteti yüksəkixtisaslı kadr hazırlığında yeni yanaşma və metodologiyaların tətbiqi, ali təhsil müəssisələrinin genişləndirilməsi, tələbə qəbulu qaydalarının təkmilləşdirilməsi, rəqabət əsaslı təqaüd sisteminin yaradılması, universitetlərdə keyfiyyətin təminatı mərkəzlərinin qurulması, məzunların işlə təmin olunmasına xidmət edən karyera mərkəzlərinin fəaliyyətinin effektivliyinin yüksəldilməsi və ali təhsil müəssisələrində elmi fəaliyyət nəticələrinin səmərəliliyinin artırılması istiqamətlərində ciddi uğurlar qazanıb.
Təhsil Nazirliyinin rezident Tvinninq müşaviri üzrə tərəf müqabili Yaşar Ömərov bildirib ki, layihənin icrasına cari ilin aprel ayında başlanılıb. Bu müddət ərzində artıq layihənin 1-ci komponenti üzrə bir neçə tədbir həyata keçirilib və üç tərəfdaş ölkənin ekspertlərindən ibarət missiyalar təşkil olunub. Ekspertlərin Bakıya səfərləri çərçivəsində Təhsil Nazirliyi və ali təhsil müəssisələrində geniş müzakirələr aparılıb, müvafiq mövzular üzrə seminarla təşkil olunub.
Proqram çərçivəsində reallaşdırılan və icrasına cari ilin aprel ayında başlanılan bu layihə Təhsil Nazirliyi, Fransa, Litva və Latviyanın təmsil olunduğu konsorsium tərəfindən həyata keçirilir. Layihə 2015-2017-ci illərdə "Ali təhsil sisteminin Avropa Ali Təhsil Məkanına inteqrasiyasının daha da gücləndirilməsi istiqamətində Azərbaycan Respublikasının Təhsil Nazirliyinə dəstək" adlı Tvinninq layihəsinin davamı olaraq aparılır. İki il ərzində icra ediləcək layihənin əsas məqsədi Azərbaycanın ali təhsil sistemini kompetensiyalara, təlim nəticələrinə və tələbə yönümlü yanaşmaya uyğunlaşdırmaqdan ibarətdir. Daha sonra çıxış edən Fransanın Təhsil, Ali Təhsil və Tədqiqat Nazirliyinin nəzdindəki Ali Təhsilin və Tədqiqatın Keyfiyyətinin Yüksəldilməsi üzrə Şəbəkənin (RELİER) İdarəetmə Komitəsinin üzvü Didier Ronze, Litva prezidentinin təhsil məsələləri üzrə məsləhətçisi Saule Maciukaite-Zviniene, Litvanın Akademik Məlumat Mərkəzinin Akkreditasiya Şöbəsinin müdir müavini Jolanta Silka əməkdaşlıqdan məmnun olduqlarını bildirib, layihənin ali təhsilə verəcəyi töhfələrdən danışıblar.