Tələbələr etiraz bəyanatı yayıblar Hadisə

Tələbələr etiraz bəyanatı yayıblar

"Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun mövqeyi qərəzlidir"

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun katibliyinə etiraz bəyanatı göndərib.
Təşkilatdan verilən xəbərə görə, bəyanatda Forumun yaydığı "Azərbaycanda beynəlxalq, tanınmış vətəndaş cəmiyyəti liderlərinin həbsi barədə" başlığı altında yayılmış bəyanata pislənilir: "Azərbaycan Respublikasının əksər tələbələri adından tərəfinizdən "Azərbaycanda beynəlxalq tanınmış vətəndaş cəmiyyəti liderlərinin həbsi barədə" başlığı altında yayılmış bəyanata etiraz edir və sözügedən bəyanatla ölkəmiz barəsində qərəzli mövqedə olduğunuzu hesab edir. Bildiririk ki, məlum bəyanat qeyri-rəsmi mənbələrdən alınmış, real olmayan məlumatlar əsasında hazırlanmışdır.
Azərbaycanda gedən vətəndaş cəmiyyəti hərəkatı heç bir qüvvə tərəfindən təzyiqə məruz qalmır. Araşdırmaları düzgün istiqamətdə aparsanız, əmin ola bilərsiniz ki, Azərbaycan hökuməti tərəfindən vətəndaş cəmiyyəti qurucularına böyük dəstək göstərilir. Vətəndaş cəmiyyətinin hərəkətverici qüvvəsi olan tələbə-gənclər də bu dəstəkdən ən çox yararlanan sosial təbəqə olaraq, dövlətimizin yaratdığı bu şəraitdən olduqca razıdırlar. Bu gün ölkəmizdə vətəndaş cəmiyyətinin bütün sahələrinin inkişafı üçün ciddi addımlar atılır, yeni imkanlar yaradılır.
Bəyanatınızda yazılanların əksinə olaraq bildiririk ki, Azərbaycan Respublikasında vətəndaş cəmiyyəti yüksək azadlıq, hüquq, hətta monitorinq aparma imkanına malikdir. Göstərdiyiniz həbslərlə bağlı qeyd edə bilərik ki, həbsdə olan şəxslərin hamısı cinayət əməllərində şübhəli bilinmiş və bu səbəbdən həbs olunmuşlar. İstədiyiniz halda, vəziyyətlə daha yaxından tanış olmaq və araşdırma aparmaq imkanlarınız mövcuddur. Diqqətinizə çatdıraq ki, Azərbaycan dövləti vətəndaş cəmiyyətinin hüquq və azadlıqlarına xüsusi önəm verir və bu imkanların genişləndirilməsi üçün daim yeni qanunlar, dövlət proqramları və qərarlar qəbul edir.
Azərbaycan Respublikası demokratik, müstəqil bir dövlətdir və beynəlxalq birliyin ayrılmaz üzvüdür. Azərbaycan vətəndaşlarının ölkə daxilindəki hüquq və azadlıqlarını görmək üçün dünyanın tanınmış beynəlxalq təşkilatları kimi sizin də ölkəmizə gəlmək və gedən proseslərlə yaxından tanış olmaq şansınız vardır. Hesab edirik ki, bu yolla daha düzgün və qərəzsiz məlumat ala bilərsiniz.
Təklif edirik ki, Ermənistanın işğalı nəticəsində erməni qəsbkarları tərəfindən öz yurd-yuvalarından köçkün düşmüş Azərbaycan vətəndaşlarının, o cümlədən gənclərinin hüquq və azadlıqları ilə maraqlanasınız, onları bu hüquq və azadlıqlardan məhrum etmiş səbəbkarlar barədə rəsmi fikrinizi bildirəsiniz. Qənaətimizcə, ədalətli mövqedə olan, insan hüquq və azadlıqlarını yüksək qiymətləndirən beynəlxalq təşkilatlar nədənsə bu nüansları görmür və ya görməzlikdən gəlir, eyni zamanda qəti fikir bildirməkdə gecikirlər".