Nar: inanclardan xalq təbabətinə, mətbəxinə kimi Hadisə

Nar: inanclardan xalq təbabətinə, mətbəxinə kimi

2-ci yazı
Yeri gəlmişkən, narla bağlı inancların xalq yaddaşında dərin kök salması səbəbindəndir ki, poeziyamızda da ciddi örnəklərə rast gəlinir.
Dünü gün iki gözümdən axıdır ənar danə,
(Gecə-gündüz iki gözümdən nar dənələri (qanlı yaş) axır),
Cigərim qanilə gör kim, bu üzüyüm nə xoş boyandı.
Nəsimidən gətirdiyimiz bu sitatda aşiqin gözündən axan qanlı yaşın nar dənələrinə bənzədilməsi diqqəti çəkir.
***
Nar şirəsi C vitamini ilə xüsusilə zəngindir. Bir stəkan nar suyunun tərkibində bədənin C vitamin ehtiyacının 40%-i var. Bundan başqa nar A, E vitamini deposudur. Bu meyvənin şirəsindən iştahasızlıqda, qan azlığında və s. xəstəliklərdə şəfaverici maddə kimi istifadə olunur. Narın budaq və kökünün qurudulmuş qabığı qurdqovucu dərman kimi faydalıdır. Meyvəsinin qabığı kolit xəstəliyinin müalicəsində xeyirlidir. Həmçinin nar əsəb üçün yararlıdır. Bu meyvədən hamilə qadınlar da faydalana bilər: onların nar suyunu içməsi körpəni beyin zədələrindən qoruyur. Bununla yanaşı, nar oynaqlarda olan iltihabı aradan qaldırır. Nar altsheymer xəstəliyinin qarşısını alır və onu yavaşladır. Narın təkcə özü yox, yarpağı da faydalıdır. Belə ki, nar yarpağı mədə zəifliyi, iştahsızlığa, ümumi zəifliyə və miqrenə qarşı ən yaxşı vasitədir. Bu meyvə ürək xəstəliklərinin qarşısını alır, qandakı xolesterinin səviyyəsini aşağı salır. Böyrəkləri təmizləyir və iştahı artırır. Yeməkdən öncə yeyildikdə faydası çoxdur.
Ümumiyyətlə, təkcə narın deyil, bütün meyvələrin yeməkdən azı bir saat öncə yeyilməsi (günortaya doğru, ya da axşam yeməyindən öncə) məsləhətdir. Ona görə ki, orqanizmə gərək olan maddələr meyvələrdə daha çox olduğundan, habelə həzmi asanlaşdırmağa kömək etdiyindən bu qayda vacibdir.
Meyvə yeməyin insan orqanizminə faydasını sadalamaqla bitməz. İnsan orqanizminin zərərli maddələrdən təmizlənməsi, bütün orqanların fəaliyyətinin yaxşılaşması daha çox meyvə, eləcə də tərəvəzlərdən istifadədən sonra yaxşılaşır. Təbii ki, meyvə-tərəvəzdən istifadə ardıcıl, qaydalı şəkildə olmalıdır.
Narın meyvəsinin faydasını sadalamaqla bitməz. İlk növbədə bu möcüzəli meyvənin xərçəng şişlərinə qarşı ciddi mübarizə apardığı təsdiqlənib. Ümumiyyətlə, təbiətin bütün nemətləri insan üçün misilsiz sağlamlıq imkanları yaradır.
Narın sirli quruluşu var. Uşaq vaxtı hər birimiz bu sirli meyvəni yeməyə həvəslənmişik. Bugünsə faydasını daha yaxşı anladığımız üçün bəhrələnməliyik.
İ.İsmayıl yazır ki, ABŞ Milli Sağlamlıq İnstitutunun (National Institute of Health -  NIH) elmi nəşriyyat indeksi olan Pubmed-ə girib ilk araşdırma kriteriyalarını doldurdum və … yüzlərlə məqalə tapdım. Kriteriyaları darlaşdırdıqca son 10 ildə nar şirəsi və xərçəng arasında əlaqəni araşdıran 40 ədəd araşdırma olduğu meydana çıxdı. NIH Pubmed səhifəsində nar şirəsi və xərçəng arasında əlaqəni araşdıran məqalələrin düzülüşü. Eleonora Turrininin başçılıq etdiyi müəllif dəstəsinin “Potential effects of pomegranate polyphenols in cancer prevention and therapy” adlı (“Nar polifenollarının xərçəng önlənməsi və müalicəsində yeri”) məqaləsi haqında isə deyilir: “Xərçəng əmələ gəlməsi mexanizminə bir göz gəzdirək. İnsan bədənində milyardlarla normal hüceyrə mövcuddur. Onların hər birinin ayrı-ayrılıqda, bəzən isə qrup şəklində həyata keçirdikləri funksiyaları, vəzifələri var... Xərçəngdə normal hüceyrələr anormal formalara, heç bir məqsədə qulluq etməyən şəkillərə düşürlər. Xərçəng hüceyrələri insanın öz hüceyrələridir. Xaricdən gəlməyiblər. Başqasından insana yoluxmayıblar. Amma bu normal hüceyrələr artıq anormal formalara, heç bir məqsədə qulluq etməyən şəkillərə düşürlər. Çox vaxt bu, özünü ölməsi gərəkən hüceyrənin yaşamağa davam etməsi şəklində göstərir.
Hüceyrənin daha uzun yaşaması gözəl səslənsə də, hüceyrənin yaşlanmağa, qocalmağa davam etməsi o qədər də xoş deyil. Narın tərkibində olan polifenollar deyilən maddələr bu problemi ortadan qaldırır. Bu maddələr həm xərçəngin yaranmasının qarşısını alır, həm də artıq yaranmış xərçəng hüceyrələrini məhv etməkdə orqanizmə kömək edirlər. Nar polifenollarının aşağıdakı orqanların bəd xassəli şişlərində önləyici təsiri araşdırılıb, təsdiq edilib: süd vəzi, yoğun bağırsaq, qaraciyər, dəri. Aşağıdakı bəd xəstəliklərdə isə müalicəvi təsiri aşkar edilib: süd vəzi xərçəngi, prostat xərçəngi, ağciyər xərçəngi, yoğun bağırsaq xərçəngi, leykemiya, sidik kisəsi xərçəngi, beyin şişləri.
Bu gün bütün dünyada onkoloji, ürək-damar xəstəliklərinin geniş yayıldığı bir vaxtda meyvə-tərəvəzdən ardıcıl istifadə qaçılmazdır. Nar bu sırada istifadə gərəkliyinə görə ön sırada durur.
***
Azərbaycan mədəniyyəti olduqca zəngin ənənələrə malikdir. Zənginliyimiz tariximizin qədimliyindən, böyüklüyündən irəli gəlir. Zəngin mətbəxi olan xalq - qədim tarixi, dövlətçiliyi, ciddi, oturuşmuş mədəniyyəti olan xalq deməkdir. Xalq hadisəsi ötəri, keçici bir hadisə olmayıb, özündə əbədiliyi, bəşəri keyfiyyətləri təsdiq edir.
Azərbaycan mətbəxində nar meyvəsindən müxtəlif xörəklərdə istifadə olunur. Bu baxımdan nardan hazırlanan narşərab Azərbaycan mətbəxi üçün daha xarakterikdir.
Narşərab Azərbaycan mətbəxinin milli kulinariya markası hesab olunan, nar şirəsindən hazırlanmış, adətən balıq və ət yeməklərində, xüsusən kababda ədviyyat kimi istifadə olunan sousdur. Narşərabla yeməklər yüngül turşməzə dad verir. Həm ev şəraitində, həm də sənaye üsulu ilə hazırlanır. Ev şəraitində hazırlanmış narşərab rəng və tam xüsusiyyəti, tərkibində konservant və rəng qatışıqlarının olmaması ilə seçilir. Nar meyvəsindəki yüksək miqdarda vitamin C, meyvə turşuları, antioksidləşdiricilər narşərabda var. Narşərabın tərkibi əsasən nar meyvəsinin tərkibi ilə eynidir. Bura 10 % limon turşusu, 45 % şəkər daxildir. Qətrana əlavə olaraq keşniş, reyhan, darçın, dəfnə yarpaqları, bəzən qara və qırmızı istiot da qatılır. Turş və şirinlik dərəcəsindən asılı olaraq götürülmüş (ənənəvi narşərabı üçün turş nar meyvəsindən istifadə olunur) uyğun növ nar təmizlənərək dənələri qazana yığılır. Adətən 15 kq nardan 1 litr, təxminən 1 kq nar dənələrindən 250-300 ml narşərab almaq olur. Qazan od üstündə vaxtaşırı qarışdırılır, nar dənələri əzilir. Metal qaşıq nar turşusu ilə reaksiyaya girdiyindən qarışdırmaq üçün taxta qaşıqdan istifadə edilir. Dənələrdən ayrılmış tumlar ağardıqda qazan odun üstündən götürülür, süzülür. Süzülmüş şirə təzədən qazanda oda qoyulur, 130-150 dərəcə isidilmiş sobada bəhməz halına gələnə kimi bişirilir. Şirənin yanmaması üçün onu vaxtaşırı qarışdırmaq lazımdır. Qətran alınan, ya qatılaşana kimi qaynadılır, hazır olana yaxın od söndürülür, üzərinə bir qədər duz əlavə edilir. Narşərab bişdikdən sonra soyudulur, şüşə qablara doldurulur. Uzun müddət istifadə üçün işıq düşməyən, sərin yerdə saxlanılmalıdır.
Azərbaycan mətbəxində nardan müxtəlif xörəklərdə (əsasən ət-balıq məhsulları olan xörəklərdə) istifadə olunur. Ona görə ki, nar həzmi asanlaşdırır. Xüsusən narın yayıldığı bölgələrin mətbəxində bu meyvədən geniş istifadə olunur.
***
Mövzunun tədqiqi göstərir ki, yüzillərdir folklor düşüncəsində obrazlaşan, birikən nar bundan sonra təbiətin gerçək möcüzəsi kimi insanlara daha çox sağlıq bəxş edilməsində mühüm rol oynayacaq. Əslində bütövlükdə elmlərin yüksək səviyyədə inkişafı ilə təbabətin də imkanları artacaq. Ancaq bütün hallarda türkəçarədən bəhrələnmə sağlığın yaranması və qorunmasında bundan sonra daha geniş ömürləşməlidir. Ona görə ki, təbiilikdən (doğallıqdan) gələn, ömürləşən ənənə daha güvənlidir. Azərbaycan-türk inanclarında sirli-sehrli obrazlaşan, xalq təbabətində şəfaverici xüsusiyyətləri ilə sınaqdan çıxan, milli mətbəximizdə davamlı yeri olan narın bundan sonra daha yaradıcı istifadəsi folklor düşüncəmizdə də canlı yaşaması deməkdir.

Elçin Qaliboğlu
filologiya üzrə fəlsəfə doktoru