“Mənim E hökum@im” Hadisə

“Mənim E hökum@im”

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi müsabiqə elan edib

Dünən Elektron Hökumət Portalının operatoru - Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi "Azərbaycanda "Elektron hökumət": mövcud vəziyyət, problemlər, perspektiv və gözləntilər" mövzusunda analitik məqalə və video süjet müsabiqəsinin elan edilməsi ilə bağlı mətbuat konfransı keçirib.
APA - nın məlumatına görə, müsabiqə "Mənim E hökum@im" adı altında "Ən yaxşı məqalə" və "Ən yaxşı video material" olmaqla 2 (iki) nominasiya üzrə nəzərdə tutulub. Təqdimatda Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə, MHM-nin direktoru Nail Mərdanov, Xəzər Universitetinin rektoru Hamlet İsaxanlı və digər mütəxəssislər iştirak edib.
Təqdimat mərasimində Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə "Elektron hökumət": mövcud vəziyyət, problemlər, perspektiv və gözləntilər" mövzusunda çıxış edib.
O bildirib ki, müsabiqəni keçirməkdə əsas məqsəd odur ki, Azərbaycanda formalaşmaqda olan elektron hökumətin əhaliyə və vətəndaşlara çatdırılmasında, onun istifadəsinin kütləviləşdirilməsində görülən işlər haqqında daha geniş məlumatla vətəndaşları təmin etməkdir: "Eyni zamanda elektron hökumətdən istifadə edən vətəndaş portaldan xəbərdar olmalıdır. Digər tərəfdən elektron hökumət vətəndaşlarımızın müxtəlif dövlət orqanları ilə internet vasitəsilə rahat əlaqə yaratmasına kömək edir. Bu istiqamətdə işlər görülür və elektron hökumət portalı 2 ildir vətəndaşların istifadəsinə verilib. Portala qoşulmuş xidmətlərin sayı 400-ə yaxındır. Nazirlər Kabinetində qoşulmuş xidmətlərin sayı 291-dir". Müsabiqənin məqsədi dövlət orqanlarının təqdim etdiyi elektron xidmətləri geniş kütləyə çatdırmaq, elektron hökumət portalının (e-gov.az) populyarlığını artırmaq, yeni elektron xidmətlərin yaradılmasında səmərəli təkliflərdən yararlanmaq, portalın fəaliyyətinin təkmilləşdirilməsi üçün çatışmazlıqları araşdırmaqdır.
Müsabiqədə iştirak etmək istəyənlər ilk növbədə www.e-gov.az portalında qeydiyyatdan keçməli, məqalələri və ya video materialları göndərərkən qeydiyyat nömrəsini e-məktuba əlavə etməlidirlər. Qeydiyyat noyabrın 10-dək aparılacaq. Hər iştirakçı müsabiqəyə yalnız bir yazı və bir video süjet təqdim edə bilər. Yazı həftədə ən azı bir dəfə dərc olunan mətbu orqanda və ya informasiya saytında çap edilməlidir. Hazırlanan video materiallar isə müsabiqəyə təqdim olunana qədər heç bir KİV-də nümayiş olunmamalıdır. Video 1 dəqiqədən az, 5 dəqiqədən çox ola bilməz. Məqalə 8000 simvoldan az (2 A4 vərəqi), 14000 simvoldan çox olmamalıdır. Müsabiqə üçün dil və janr məhdudiyyəti nəzərdə tutulmur. Hər bir məqalə və süjet də "Elektron hökumət" portalının ünvanının (www.e-gov.az) göstərilməsi əsas şərtlərdəndir. Müsabiqə üçün yazılmış məqalələr və video süjetlər [email protected] ünvanına göndərilməlidir. Qeyd edək ki, məqalələrin dərc olunma tarixi qeydiyyat tarixindən sonrakı tarixə uyğun olmalıdır. Yazı və videolar RYTN tərəfindən müəyyən edilmiş peşəkar münsiflər tərəfindən qiymətləndiriləcək. "Ən yaxşı məqalə" və "Ən yaxşı video material" üzrə 1-ci yeri qazananlar 2500 manat, ikinci yeri qazananlar 1500 manat, 3-4-5 yeri qazananlar isə noutbukla mükafatlandırılacaqlar. Bundan başqa, müsabiqədə iştirak edən hər bir iştirakçıya e-imza vəsiqəsi və kart oxuyucu təqdim ediləcək.