MSK-dan seçki qərarı Hadisə

MSK-dan seçki qərarı

Bələdiyyə seçkiləri dekabrın 23-də keçiriləcək

Dünən Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında bələdiyyə seçkilərinin təyin edilməsi məsələsi müzakirəyə çıxarılıb.
APA-nın məlumatına görə, MSKsədri Məzahir Pənahov deyib ki, son bələdiyyə seçkilərində 1718 bələdiyyəyə seçkilər keçirilib.
M. Pənahov bildirib ki, bələdiyyə üzvlərinin səlahiyyəti dekabrın 23-də başa çatır və növbəti seçkilər təyin edilməlidir.
MSK sədri bildirib ki, son illər kiçik bələdiyyələrin birləşməsi prosesi gedib, hazırda 1607 bələdiyyə var.
M. Pənahov deyib ki, bələdiyyə seçkilərinin keçirilməsi üçün dekabrın 23-ü ən məqbul vaxtdır.
MSK qərara alıb ki, növbəti bələdiyyə seçkilərinin 2014-cü il dekabrın 23-nə təyin edilsin.
Məzahir Pənahov deyib ki, rayonlarda seçicilərin seçki məntəqəsinə gətirilməsi üçün avtobuslar ayrılacaq. O, bildirib ki, burada sui-istifadə hallarına yol verilməməsi əsasdır: "Əslində seçicinin məntəqələrə gəlməsinin təşkil edilməsi aidiyyəti orqanların və seçki komissiyalarının vəzifələridir. Nəzərə almalıyıq ki, uzaqda yerləşən kəndlər, yaşayış məntəqələri var, həm də bələdiyyə seçkiləri qışda keçiriləcək. Sadəcə, müvafiq orqanlar öz səlahiyyətləri daxilində fəaliyyətlərini həyata keçirməlidirlər. Biz seçki yaxınlaşanda xahiş edəcəyik ki, şəhərlərdə marşrut avtobusları seçki məntəqələrinin yanından keçib getsinlər. Rayonlarda isə seçki məntəqələri yaşayış məntəqəsindən uzaqdırsa, avtobus ayrılacaq. Burada qəbahət heç nə yoxdur, bir şərtlə ki, namizədlərin hansınınsa hüquqlarını pozacaq şəkildə həyata keçirilməsin".
İclasda MSK-nın nəzdində vətəndaşların seçki hüquqlarını pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan şikayətlərin araşdırılması məqsədilə ekspert qrupunun yaradılması məsələsi də müzakirəyə çıxarılıb.
MSK katibi Arifə Muxtarova məlumat verib. O bildirib ki, 5 MSK üzvü və qurum əməkdaşları (MSK katibliyinin şöbə müdiri,MSK-da baş məsləhətçi, aparıcı məsləhətçi, MSK-nın Monitorinq şöbəsinin baş məsləhətçisi) daxil olmaqla, 9 nəfərdən ibarət ekspert qrupunun yaradılması təklif olunur. Eyni zamanda dairə seçki komissiyalarında 3 nəfərdən ibarət ekspert qrupunun yaradılması təklif edilib.
MSK sədri Akif Qurbanov eyni şəxslərin həm MSK üzvü, həm də ekspert qrupunun üzvü olmasının obyektivliyə xidmət etmədiyini söyləyib: "Çünki MSK üzvü ekspert kimi rəy verəcək, sonra da MSK-nın iclasında həmin rəyə münasibət bildirəcək. Bu, nə dərəcədə düzgündür? Bu, formallıqdır. Bu format Seçki Məcəlləsinin tələblərinə uyğun gəlmir".
Məsələ səsverməyə çıxarılaraq qəbul edilib.
İclasda imza vərəqələrində, habelə namizədlərin, siyasi partiyaların, siyasi partiya bloklarının təqdim etdikləri sənədlərdə olan məlumatların düzgünlüyünü və müvafiq məlumatları yoxlamaq üçün İşçi Qrupu yaradılması və tərkibin müəyyən edilməsi məsələsi də müzakirəyə çıxarılıb. Məsələ barədə MSK katibi Arifə Muxtarova məlumat verib. Məsələ səsverməyə çıxarılaraq qəbul edilib.