Türkiyə ilə hərbi sahədə isti təmaslar Hadisə

Türkiyə ilə hərbi sahədə isti təmaslar

Azərbaycan Daxili Qoşunlarının komandanı Türkiyəyə səfər edib
Qardaş ölkənin Silahlı Qüvvələrinin Komanda-Qərargah Zabitləri Kursunun nümayəndələrinin Azərbaycana səfəri başlayıb

Türkiyə Silahlı Qüvvələrinin Komanda-Qərargah Zabitləri Kursunun (KomKarSu) nümayəndələri Azərbaycana gəlib.
APA-nın məlumatına görə, briqada generalı Sami Özatakın başçılıq etdiyi nümayəndə heyəti ötən gün Fəxri xiyabanda Heydər Əliyevin məzarını, Şəhidlər xiyabanını və Bakıdakı Türk Şəhidliyini ziyarət edib.
Nümayəndə heyətində Türkiyə Silahlı Qüvvələrinin Hava, Dəniz və Hərb Akademiyalarının yüksək rütbəli zabitləri təmsil olunur.
Nümayəndə heyəti dünən müdafiə naziri Zakir Həsənovla görüşüblər. Türkiyə heyəti Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Akademiyasında da olacaq.
Səfər 5 gün davam edəcək.
Bu arada Azərbaycan daxili işlər nazirinin müavini - Daxili Qoşunların komandanı, general-mayor Şahin Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyəyə səfər edib.
Daxili Qoşunların mətbuat xidmətindən verilən məlumata görə, səfərin birinci günü nümayəndə heyəti Anıtqəbiri ziyarət edib, Atatürk mavzoleyinə gül çələngi qoyub.
Həmin gün Şahin Məmmədov Türkiyə Jandarm Qüvvələrinin baş komandanı, ordu generalı Servet Yörük ilə görüşüb. Qarşılıqlı fikir mübadiləsi şəraitində keçən görüşdə S.Yörük Ş.Məmmədovu səmimi salamlayaraq, onu yeni vəzifəyə təyin olunması münasibətilə təbrik edib. O, Azərbaycan Daxili İşlər Nazirliyinin Daxili Qoşunları ilə Türkiyə Silahlı Qüvvələri və Jandarm Qüvvələri arasında işgüzar əməkdaşlıq münasibətlərinin yüksək səviyyədə olmasını diqqətə çatdıraraq, Daxili Qoşunların daha da təkmilləşdirilməsi üçün daim lazımi dəstək göstərməyə hazır olduqlarını vurğulayıb.
General-mayor Ş.Məmmədov səmimi və qonaqpərvər qəbul üçün dərin təşəkkürünü bildirərək, Türkiyəyə səfər etməkdən məmnunluğunu ifadə edib.
Fevralın 6-dək davam edəcək səfər çərçivəsində general-mayor Ş.Məmmədov və nümayəndə heyəti Hərbi Akademiyalar Komandanı, ordu generalı Yalçın Ataman, Jandarm Təlim Komandanı, general-polkovnik İbrahim Yaşar, Jandarm Məktəblər Komandanı, general-leytenant Ali Lapanta, Ankara Jandarm Bölgə Komandanı, general-mayor Musa Çitil və digər vəzifəli şəxslərlə görüşəcək.
Səfər proqramına uyğun olaraq Daxili Qoşunların nümayəndə heyəti Jandarm Praktiki Təlim Mərkəzində və Jandarm Özəl Asayiş Komandanlığında müxtəlif mövzularda göstərici məşğələni izləyəcək.
General-mayor Ş.Məmmədov İstanbul şəhərində yerləşən Hərbi Akademiyada təhsil alan azərbaycanlı zabitlərlə də görüşəcək. Nümayəndə heyəti həmçinin Jandarmanın və Türkiyənin şanlı tarixini əks etdirən muzeylərdə olacaq.