“Reklam haqqında” qanun qəbul olunub Hadisə

“Reklam haqqında” qanun qəbul olunub

Azay Quliyev: "Gizli reklama nəzarətlə bağlı məsələ ciddiləşməlidir"

""Reklam haqqında" qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı deputat həmkarlarımız müxtəlif təkliflər irəli sürdü. Bundan başqa digər qurumlar da yeni təkliflər verib". Bunu Milli Məclisin ötən gün keçirilən iclasında deputat Vahid Əhmədov deyib.
O, "Reklam haqqında" qanun layihəsinin üçüncü oxunuşda müzakirəsi zamanı bildirib ki, Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov tərəfindən dövlət atributlarına hörmət olunması ilə bağlı maddə əlavə edilib: "Milli Məclisin sədri Oqtay Əsədov isə qanunda reklam fəaliyyətində dövlət nəzarətinin gücləndirilməsi ilə bağlı təkliflərini bildirib. Bir sıra nazirliklərin təklifləri də nəzərə alınaraq müzakirəyə çıxarılıb və qanun layihəsinə əlavə edilib".
Müzakirələr zamanı deputat Azay Quliyev diqqəti gizli reklamla bağlı məsələyə yönəldib: "Bu gün filmlərdə, televiziya verilişlərində tütün məmulatlarının, spirtli içkilərin gizli reklamı gedir".
O, "Reklam haqqında" qanun layihəsinə münasibət bildirərkən qeyd edib ki, gizli reklama nəzarətlə bağlı məsələ ciddiləşməlidir: "Bundan sonra belə halların qarşısının alınması üçün monitorinqlər aparılmalıdır".
Sonda qanun layihəsi üçüncü oxunuşda səsə qoyularaq qəbul edilib. Spiker Oqtay Əsədov bu qanun layihəsinin qəbuluna görə deputatları təbrik edib.