“Oyunlara tamaşa etmək üçün Azərbaycana gələn insanlar...” Hadisə

“Oyunlara tamaşa etmək üçün Azərbaycana gələn insanlar...”

Jan-Kristof Bas: "Mədəni irsə, tarixə malik, ənənələrin və müasirliyin birləşdiyi bir ölkəni kəşf edəcəklər"

Hikmət Hacıyev: "Olimpiya barışığı mühitində Avropa Oyunları keçirilməlidir və rəsmi Bakı buna sadiqdir"

Rövşən Rzayev: "Azərbaycanın inkişafı ilə bağlı öz mövqelərini bildirəcəklər"

Rasim Məmmədov: "Avropalılar Azərbaycanla bağlı artıq geniş məlumatlara malikdirlər"

"I Avropa Oyunlarının Azərbaycanda keçirilməsi ölkə üçün mühüm əhəmiyyət kəsb edir və bu barədə qəbul edilmiş qərar heç də təsadüfi deyildi". Bunu Avropa Şurasının Demokratik vətəndaşlıq və iştirak bölməsinin direktoru Jan-Kristof Bas deyib. J.K.Bas vurğulayıb ki, bu Oyunlar Azərbaycan üçün böyük faydalar gətirəcək: "Hesab edirəm ki, Oyunlara tamaşa etmək üçün birinci dəfə Azərbaycana gələn çoxlu sayda insanlar mədəni irsə, tarixə malik, ənənələrin və müasirliyin birləşdiyi bir ölkəni kəşf edəcəklər. Azərbaycan haqqında dünyada daha geniş məlumat yayılacaq ki, bu da ölkənin turizm sənayesinin inkişafına, eyni zamanda beynəlxalq imicinin güclənməsinə imkan verəcək".
J.K.Bas əlavə edib ki, Azərbaycanın I Avropa Oyunlarına ev sahibliyi etməsi ölkənin beynəlxalq sülhə və sabitliyə verdiyi töhfənin davamıdır: "Azərbaycan Avropadan və dünyadan insanların bir araya gələrək idman bayramını qeyd etmək üçün gözəl şərait yaradır".
Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev I Avropa Oyunları ərəfəsində Ermənistanın cəbhədə təxribatçı əməllərinə münasibət bildirərkən deyib ki, Azərbaycan Respublikası dəfələrlə Olimpiya barışığı konsepsiyasının məqsəd və məramlarına sadiq olduğunu sübut edib. Onun sözlərinə görə, rəsmi Bakı tərəfindən bununla əlaqədar mövqe bildirilib ki, I Avropa Oyunları ərəfəsində Olimpiya barışığının məqsəd və məramlarına Azərbaycan tam şəkildə sadiqdir: "Amma biz Ermənistanın timsalında görürük ki, onlar hər vəchlə siyasi və təxribat əməllərini davam etdirir. Ermənistan öz əməllərini ilə sübut edir ki, o, Olimpiya barışığı, konsepsiyası və fəlsəfəsindən tamamilə uzaq olan dövlətdir. Qoşunların təmas xəttində və Ermənistan-Azərbaycan sərhəddində son günlərdə hələ də davam edən gərginlik bir daha onu sübut edir ki, işğalçı ölkə Olimpiya barışığının məqsəd və məramlarından uzaqdır. Amma Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, Olimpiya barışığı mühitində Avropa Oyunları keçirilməlidir və rəsmi Bakı buna sadiqdir".
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Rövşən Rzayev isə deyib ki, ölkəmizdə keçiriləcək birinci Avropa Oyunlarını böyük səbirsizliklə gözləyirik. Azərbaycan bu Oyunlarla bağlı möhtəşəm bir imkana malik olduğu üçün məhz bu idman yarışı da ölkəmizdə keçiriləcək. O bildirib ki, Azərbaycan bu Oyunlardan çox şey gözləyir. Onun sözlərinə görə, bu gün Azərbaycanda idmana kifayət qədər böyük diqqət var: "Ölkəmizin bütün regionlarında Olimpiya komplekslərinin tikilib istifadəyə verilməsi buna bariz sübutdur. Məhz bunun nəticəsi kimi biz uğurlar əldə etməyi gözləyirik. İnanıram ki, biz buna nail olacağıq. Digər tərəfdən, Azərbaycana çoxlu sayda qonaqlar gələcək. Burada onlar Azərbaycanın inkişafı ilə bağlı öz mövqelərini bildirəcəklər. Onlar Azərbaycanın regionun ən güclü, eləcə də tolerant dövləti və inkişaf yolunda olduğunu görəcəklər. Xarici qonaqlar, həmçinin, başa düşəcəklər ki, müstəqil dövlətin bu müddət ərzində əldə etdiyi uğurlar çox çətinliklə qazanılıb. Torpaqlarımızın bir hissəsinin Ermənistan tərəfindən işğalı daha sürətli inkişafımıza başlıca maneədir".
Sabitlik və İnkişaf Mərkəzi İctimai Birliyinin sədri Rasim Məmmədov deyib ki, Avropanın əksər ölkələrində Avropa Oyunları və bu mötəbər idman yarışına hazırlıqla bağlı geniş təqdimatlar keçirilir. Onun sözlərinə görə, birmənalı şəkildə demək olar ki, avropalılar Azərbaycanla bağlı artıq geniş məlumatlara malikdirlər: "Yüz mindən çox insanın Avropa Oyunlarına bilet alması da bunu təsdiq edir. Bu tədbirlər yalnız fərdlərin deyil, ümumi vətəndaşların təbliğ və təqdim edəcəyi bir məsələdir. Biz də öz növbəmizdə diaspora təşkilatı olaraq dövlətin həyata keçirdiyi siyasətə geniş şəkildə dəstək veririk".

Əli