“Göy əbədiyyət” Mədəniyyət

“Göy əbədiyyət”

Bişkekdə Rəşid Behbudov və Müslüm Maqomayevə həsr olunmuş qala-konsert keçirilib


Abdılas Maldıbayev adına Qırğızıstan Milli Akademik Opera və Balet Teatrında SSRİ xalq artistləri Rəşid Behbudovun anadan olmasının 100 illiyi və Müslüm Maqomayevin yaradıcılığına həsr olunmuş "Göy əbədiyyət" adlı qala-konsert keçirilib.
Tədbirin əvvəlində teatrın foyesində qonaqları Bişkekdəki "Azəri" Mədəniyyət Mərkəzinin musiqi ansamblı Azərbaycan mahnıları ilə qarşılayıb.
Konsertdə Qırğızıstanın rəsmiləri, görkəmli ziyalılar, elm, mədəniyyət, ədəbiyyat və incəsənət xadimləri, ictimaiyyətin nümayəndələri, soydaşlarımız iştirak edib.
Teatrın baş direktoru Bolotbek Osmonov gecəni açaraq qala-konsertin dahi sənətkarlar Rəşid Behbudov və Müslüm Maqomayevə həsr olunmasının xüsusi önəm daşıdığını, qırğız xalqının onlara böyük rəğbət və sevgi bəslədiyini söyləyib.
Baş direktor belə tədbirlərin keçirilməsində verdiyi ardıcıl dəstəyə görə Azərbaycanın Qırğızıstandakı səfirliyinə minnətdarlığını bildirib.
Qırğızıstandakı səfirimiz Hidayət Orucov Azərbaycanın dahi sənətkarlarına yüksək dəyər verdiyinə görə qırğız xalqına təşəkkürünü bildirib.
"Azərbaycan və Qırğızıstan prezidentləri İlham Əliyev və Almazbek Atambayevin apardıqları siyasətin nəticəsidir ki, dövlətlərimiz arasında siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlıq daha da möhkəmlənir. Son zamanlar həm Azərbaycanda, həm də Qırğızıstanda bir çox mühüm tədbirlər keçirilir", - deyə Hidayət Orucov vurğulayıb.
Rəşid Behbudovun səsinin Azərbaycan xalqının milli sərvəti olduğunu bildirən diplomat onun öz xalqına sonsuz sevgisindən söz açıb. O, Rəşid Behbudovun keçmiş sovet ittifaqında ən məşhur ifaçılardan biri olduğunu, xarici ölkələrdə Azərbaycanın böyük mədəniyyətini layiqincə təmsil etdiyini xatırladıb.
Səfir R.Behbudovun Azərbaycan filmlərində oynadığı rolları layiqincə qiymətləndirib və bu filmlərin qızıl fonda daxil olduğunu söyləyib.
H.Orucov ulu öndər Heydər Əliyevin həm Rəşid Behbudov, həm də Müslüm Maqomayevin yaradıcılığına böyük hörmətlə yanaşdığını, onlara daim qayğı göstərdiyini qeyd edib.
Diplomat deyib ki, Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamları ilə ölkəmizdə bu iki korifey sənətkarın xatirəsi əbədiləşdirilib, adlarına küçə, gəmi, incəsənət mərkəzləri, məktəblərin olduğunu vurğulayıb, Müslüm Maqomayevin əsrin qızıl səsi kimi qəbul edildiyini deyib.
Qala-konsertdə teatrın baş konsertmeysteri Yuliya Babiç, Qırğızıstanın populyar opera müğənniləri və solistlər Almaz İstambayev, Ayzirek Momunova, Yelena Ovçinnikova, Elnura Kanatbekova, Said Bekmuratov, Aleksandr Donis, Kamçıbek İsenbayev, Anton Leshov ilə yanaşı, həmyerlimiz Faik Baxışev, "Almaz-studio" qrupu, "Bişkek Biq-bend" rəqs qrupu çıxış edib.
Tədbirdə bir çox mahnılar Azərbaycan dilində səslənib.
Konsert Müslüm Maqomayevin "Azərbaycan" mahnısı ilə başa çatıb.