Tarix Muzeyində “Azərbaycan Şirvanşahlar dövləti” sərgisi açılıb Mədəniyyət

Tarix Muzeyində “Azərbaycan Şirvanşahlar dövləti” sərgisi açılıb

Milli Azərbaycan Tarixi Muzeyində "Azərbaycan Şirvanşahlar dövləti" sərgisinin açılışı olub.
Sərginin açılışında çıxış edən muzeyin direktoru, akademik Nailə Vəlixanlı bildirib ki, IX-XVI əsrlərdə mövcud olmuş Şirvanşahlar dövlətinə həsr olunmuş sərgi Azərbaycan tarixində ilk dəfə təşkil edilir:
"Sərginin məqsədi orta əsr Azərbaycan tarixində xüsusi yeri və rolu olan Şirvanşahlar dövlətinin siyasi, inzibati, iqtisadi, hərbi xüsusiyyətlərini göstərmək, əldə etdiyi nailiyyətləri əyani nümayiş etdirməkdir. Sərgidə muzeyin fondlarında qorunan 225 eksponat nümayiş olunur ki, onların böyük əksəriyyəti ilk dəfə tamaşaçı qarşısına çıxarılır".
Nailə Vəlixanlı əlavə edib ki, Bakı, Şamaxı, Şabran və digər ərazilərdə aparılmış arxeoloji qazıntılarda aşkar edilmiş materiallar muzeyin restavrasiya laboratoriyasında təmizlik-bərpa işləri aparılandan sonra sərgiyə təqdim edilib. Eksponatlar sırasında keramika məmulatları, mis, tunc, gümüş və ağac əşyalar, parçalar, silahlar, bir neçə hakimiyyət rəmzi diqqəti cəlb edir: "Sərgidə nümayiş olunan 80 ədəd Şirvan pulları xüsusi qeyd edilməlidir. Belə ki, bu numizmatik material IX-XVI əsrlərdə Şirvanın müxtəlif şəhərlərində və müxtəlif şirvanşahlar adından zərb edilmiş pullarla tanış olmağa imkan verir".
Muzeyin Elmi ekspozisiya və sərgilərin təşkili şöbəsinin müdiri Səbuhi Əhmədov sərgidə muzeyin sualtı arxeologiya tədqiqat qrupu tərəfindən Xəzərin sularında aşkar edilmiş eksponatların da nümayiş olunduğunu diqqətə çatdırıb. Onun sözlərinə görə, Şirvanşahlar dövlətinin xüsusiyyətlərini izah etmək məqsədilə sərgidə 25 informasiya-məlumat paneli qurulub: "Burada yazılı məlumatla bərabər sxemlər, rəsmlər təqdim edilir. Sərgidə qurulmuş monitorda dünya muzeylərində qorunan və Şirvanşahlar dövlətinə aid edilən eksponatların fotoşəkilləri göstərilir".
Qeyd edək ki, sərgi 2018-ci il mayın 15-dək davam edəcək.