Şabranda sahibkarlara güzəştli kredit verilib İqtisadiyyat

Şabranda sahibkarlara güzəştli kredit verilib

Tərlan

Avqustun 6-da İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair növbəti işgüzar forumu Şabran rayonunun Rəhimli kəndində keçirmişdir. Tədbirdə sahibkarlara güzəştli kreditlərin alınması mexanizmi barədə ətraflı məlumat verilmiş, Şabran və ətraf rayonlarda həyata keçirilməsi məqsədəuyğun hesab olunan nümunəvi layihələr təqdim olunmuş, sahibkar-müvəkkil kredit təşkilatı münasibətlərinin möhkəmləndirilməsi istiqamətində müzakirələr aparılmış, sahibkarların investisiya layihələri güzəştli qaydada maliyyələşdirilmişdir.
80-ə yaxın sahibkarın iştirak etdiyi forum çərçivəsində Şabran rayonunda ixtisaslaşdırılmış "yaşıl market"in, intensiv bağçılıq, cins heyvandarlıq və istixana təsərrüfatlarının, çörək, şirniyyat və plastik qapı-pəncərə istehsalı müəssisələrinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilmiş, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilmiş, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanmışdır.
Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev qeyd etmişdir ki, 2015-ci ilin ötən dövrü ərzində respublika üzrə 3470-dən çox sahibkara 128,5 milyon manat güzəştli kredit verilmişdir. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 7900-ə yaxın yeni iş yerinin yaradılmasına imkan verir. Qeyd edilmişdir ki, ümumilikdə, indiyədək Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 2020-dən çox investisiya layihəsinin maliyyələşdirilməsinə 137 milyon manat güzəştli kredit verilmiş, digər sahələrlə yanaşı, müasir texnologiyaların tətbiqinə əsaslanan logistika mərkəzlərinin, üzümçülük, intensiv bağçılıq, istixana təsərrüfatlarının, meyvə-tərəvəz emalı, quru meyvə, tara, tikinti materialları istehsalı müəssisələrinin yaradılması və s. sahələr üzrə investisiya layihələri maliyyələşdirilmiş, 10400-dən çox yeni iş yerinin açılması imkanı yaradılmışdır.
İşgüzar forum çərçivəsində Şabran və ətraf rayonlardan olan 44 sahibkara 1 milyon manat güzəştli kredit verilmişdir. Verilmiş kreditlər əsasən, heyvandarlıq, toxumçuluq, bağçılıq, əkinçilik, arıçılıq, logistik mərkəzin inşası və s. sahələrin inkişafına yönəldiləcək. Bu kreditlərin reallaşdırılması hesabına 70-dən çox yeni iş yerinin açılması mümkün olacaq.
Forum çərçivəsində Şabran rayonunun Gəndov kəndində güzəştli kreditlərdən istifadə etməklə tikilmiş logistik mərkəzə, üzümçülük təsərrüfatlarına və Dəvəçi kəndində salınmış meyvə bağına baxış keçirilmişdir.