Xaçmazda güzəştli kredit hesabına taxıl anbarı tikilir İqtisadiyyat

Xaçmazda güzəştli kredit hesabına taxıl anbarı tikilir

Tərlan

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin investisiya layihələrinin maliyyələşdirilməsini davam etdirir. Bu məqsədlə növbəti işgüzar forum martın 10-da Xaçmaz rayonunun Arzu qəsəbəsində keçirilmişdir. İşgüzar forumda sahibkarlara güzəştli kreditlərin alınması mexanizmi barədə ətraflı məlumat verilmiş, Xaçmazda həyata keçirilməsi məqsədəuyğun hesab olunan nümunəvi layihələr təqdim olunmuş, sahibkarların investisiya layihələri güzəştli qaydada maliyyələşdirilmişdir.
150-yə yaxın sahibkarın iştirak etdiyi forum çərçivəsində Xaçmaz rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan süd emalı zavodunun, müasir istixana kompleksinin, intensiv bağçılıq və cins heyvandarlıq təsərrüfatlarının, ixtisaslaşdırılmış "yaşıl market"in və şirniyyat məhsullarının istehsalı müəssisəsinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilmiş, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilmiş, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanmışdır.
Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev bildirmişdir ki, indiyədək Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 2130 investisiya layihəsinin maliyyələşdirilməsinə 154 milyon manat güzəştli kredit verilmiş, digər sahələrlə yanaşı, müasir texnologiyaların tətbiqinə əsaslanan logistik mərkəzlərin, taxıl anbarlarının, quşçuluq fabrikinin, çörək zavodunun, istixana, üzümçülük, intensiv bağçılıq təsərrüfatlarının, meyvə-tərəvəz emalı, tara, tikinti materialları istehsalı müəssisələrinin yaradılması və s. sahələr üzrə investisiya layihələri maliyyələşdirilmiş, 10 mindən çox yeni iş yerinin açılması imkanı yaradılmışdır.
İşgüzar forum çərçivəsində Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən 52 sahibkara 580 min manat güzəştli kredit verilmişdir. Verilmiş kreditlər əsasən, heyvandarlıq, bağçılıq, quşçuluq, fındıq emalı, arıçılıq, plastik qapı-pəncərə istehsalı, turizm sahələrinin inkişafına yönəldiləcəkdir. Bu kreditlərin reallaşdırılması hesabına 70-dən çox yeni iş yerinin açılması mümkün olacaq. Forum çərçivəsində Xaçmazda güzəştli kredit ayrılmış meyvə-tərəvəz emalı zavoduna və tutumu 10 min ton olan taxıl anbarında aparılan son tamamlama işlərinə baxış keçirilmişdir.
Qeyd edək ki, Sahibkarlığa kömək Milli Fondu tərəfindən kənd təsərrüfatı məhsullarının tədarükü, saxlanması və satışı üzrə tutumu 330.4 min ton olan 52 logistik mərkəzin və ümumi tutumu 352 min tona yaxın olan 23 taxıl anbarı kompleksinin yaradılmasına 191,8 milyon manat kredit verilmişdir. Bundan əlavə, Fonddan ayrılmış 58,7 milyon manat kredit hesabına illik emal gücü 120 min ton olan 16 meyvə-tərəvəz emalı müəssisəsi yaradılmışdır.