TAP qitədə həyata keçirilən ən böyük investisiya layihələrindən biridir İqtisadiyyat

TAP qitədə həyata keçirilən ən böyük investisiya layihələrindən biridir

Azərbaycan təbii qazını Avropaya daşıyacaq "Trans-Adriatik" (TAP) qaz boru kəməri layihəsi hazırda qitədə həyata keçirilən ən böyük investisiya layihələrindən biridir.
Bu sözləri Anadolu Agentliyinə müsahibəsində Avropa İnvestisiya Bankının (EIB) Türkiyə nümayəndəliyinin rəhbəri Massimo d`Eufemia deyib.
O bildirib ki, EIB-in TAP üçün 1,5 milyard avroluq maliyyələşdirməni təsdiq etməsi boru kəmərinin tikintisini sürətləndirəcək və Cənub Qaz Dəhlizinin həyata keçməsinə müsbət təsir göstərəcək.
"TAP hazırda Avropada həyata keçirilən ən böyük investisiya layihələrindən biridir. Avropa İnvestisiya Bankının İdarə Heyəti TAP-a kredit ayırarkən ətraf mühitə təsiri, sosial öhdəliyi, maliyyə şəffaflığı və uyğunlaşma məsələləri kimi meyarlara xüsusi diqqət yetirib. EIB-lə yanaşı, digər çoxtərəfli inkişaf bankları və maliyyə qurumlarının da TAP üçün kredit ayırması gözlənilir. TAP konsorsiumu kommersiya banklarının iştirakı ilə maliyyə ehtiyacının qalan hissəsini təmin etməyə çalışacaq. TAP layihəsi Avropa İttifaqının (Aİ) enerji təhlükəsizliyi siyasəti üçün mühüm layihə olan Cənub Qaz Dəhlizinin bir hissəsidir. Cənub Qaz Dəhlizi Avropa bazarına yeni qaz mənbəyi təklif edir, təklif çeşidini və təchizatın təhlükəsizliyini artırır. Bu, Aİ-nin qaz idxalından asılılığının artdığı bir şəraitdə lazımdır", - deyə o əlavə edib.
Bankın nümayəndəsi deyib: "Aİ-nin qaz tələbatının qarşıdakı onilliklər ərzində azalması proqnozlaşdırılır. Lakin daxili qaz mənbələrinin isə daha çox azalması gözlənilir. Bu baxımdan Avropa İttifaqı Cənub Qaz Dəhlizi kimi diversifikasiya layihələri vasitəsilə enerji ehtiyacını təmin etməyə borcludur. EIB Cənub Qaz Dəhlizi üzrə iqtisadi göstəriciləri də müsbət qiymətləndirir. Bütün layihələr qrafik üzrə irəliləyir və Cənub Qaz Dəhlizinin 2020-ci ilə qədər tamamlanması gözlənilir".
Xatırladaq ki, fevralın 6-da Avropa İnvestisiya Bankının İdarə Heyəti Yunanıstan, Albaniya və Adriatik dənizindən keçərək İtaliyanın təbii qaz şəbəkəsinə qoşulmaq üçün Cənubi İtaliya sahillərinə çıxan TAP boru kəməri üçün 1,5 milyard avro məbləğində maliyyələşdirməni təsdiqləyib. Bank bildirir ki, layihə Cənub Qaz Dəhlizinin bir hissəsidir və Avropa İttifaqının enerji siyasəti çərçivəsində strateji cəhətdən əhəmiyyətli bir komponent kimi, Avropa Şurası, Avropa Komissiyası və Avropa Parlamenti tərəfindən müəyyən edilən təşəbbüsdür.