Hərracda 10 dövlət əmlakı özəlləşdirildi İqtisadiyyat

Hərracda 10 dövlət əmlakı özəlləşdirildi

Dünən Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) tərəfindən keçirilən özəlləşdirmə hərracında 1 səhmdar cəmiyyəti, 2 kiçik dövlət müəssisəsi, 6 qeyri-yaşayış sahəsi və 1 avtomobil satılıb. Komitədən verilən məlumata görə, hərracda satılan qeyri-yaşayış sahələrinin 4-ü Bakıda (Xətai, Nərimanov, Nizami və Nəsimi), digərləri isə Sumqayıt və Zərdabda yerləşir. Nizami rayonunda sahəsi 90 kvadratmetr olan əmlakdan həm ofis, həm də xidmət obyekti kimi, Sumqayıtdakı 25 kvadratmetrlik daşınmaz əmlakdan isə gəlirli xidmət obyekti kimi istifadə etmək olar.
Hərracda "Xətai Ticarət-108" ASC-nin səhmlərinin 30%-i, eləcə də Nazirlər Kabineti Aparatının İşlər İdarəsinin balansındakı "BMW 730" avtomobili də sahibini tapıb. Hərracda satılan sərfəli əmlaklardan biri Neftçala rayonunda olan Balasurra kənd klubudur. Klubun ümumi sahəsi 120 kvadratmetrə yaxın, torpaq sahəsi isə 400 kvadratmetrdən çoxdur. Digər özəlləşdirilən dövlət müəssisəsi Cəlilabad rayonunda yerləşən Komanlı Mədəniyyət evidir. Sahəsi 158 kvadratmetr, yerləşdiyi torpaq sahəsi isə 1500 kvadratmetrə yaxın olan obyektdə ictimai iaşə xidmətləri göstərilə bilər. Keçirilən hərracların nəticələri ilə komitənin rəsmi saytında (emdk.gov.az) və privatization.az portalında tanış olmaq mümkündür. Növbəti özəlləşdirmə hərracı isə mayın 15-də keçiriləcək. Hərraca 116 dövlət əmlakı çıxarılıb. Bunlardan 18-i səhmdar cəmiyyəti, 38-i kiçik dövlət müəssisəsi, 50-si qeyri-yaşayış sahəsi, 10-u isə avtomobildir.