““Star Rafineri” yeni bir mərhələ kimi qiymətləndirilməlidir” İqtisadiyyat

““Star Rafineri” yeni bir mərhələ kimi qiymətləndirilməlidir”

"Star Rafineri" zavodu Azərbaycan və Türkiyə əlaqələrində strateji əməkdaşlığın gücləndirilməsi baxımından yeni bir mərhələ kimi qiymətləndirilməlidir.
Bu sözləri iqtisadçı alim Vüqar Bayramov deyib. Ekspert bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin "Star" neft emalı zavodunun açılışında iştirakı praktik olaraq Türkiyəyə yatırılan sərmayənin əhəmiyyətinə verilən qiymətdir:
"Azərbaycan Prezidentinin bu sərmayəni xüsusi olaraq qiymətləndirməsi həm də zavodun rentabelliyi baxımından əhəmiyyətlidir. Zavodun inşasına yatırılan sərmayə ilə əldə ediləcək illik gəlirin müqayisəsi göstərir ki, "Star" çəkilmiş xərci qaytarmaq və daha sonra mənfəət əldə etmək imkanlarına malik olacaq. Zavodun açılması iqtisadi baxımdan Azərbaycan və Türkiyə üçün çox vacibdir. Çünki bu layihə hər iki tərəfin gəlir əldə etməsinə imkan verəcək. Azərbaycan Türkiyədə ən çox sərmayə qoyan ölkələrdən biridir. Bu da iki ölkə arasındakı əlaqələrin inkişafına mühüm töhfə verəcək".
İqtisadçı layihənin strateji əhəmiyyətini də xüsusilə qeyd edib:
"Ölkə rəhbərinin də qeyd etdiyi kimi, Türkiyə güclü olarsa, Azərbaycan da güclü olar. Nəticədə bu sərmayə Türkiyənin daha güclü olmasına bir töhfədir. Türkiyə iqtisadiyyatında Azərbaycan sərmayəsinin payının artması həm də Türkiyə üçün vacibdir. Son proseslər göstərir ki, Türkiyənin qardaş və strateji ölkələrdən daha çox sərmayə cəlb etməsi bu ölkənin iqtisadi təhlükəsizliyi baxımından çox vacibdir. Bu kontekstdə sərmayə iki ölkə arasındakı strateji əməkdaşlığın gücləndirilməsinə xidmət etməklə yanaşı, Azərbaycanın xaricdən əldə etdiyi gəlirlərin artmasına da zəmin yaradır. Nəticədə tərəflər qarşılıqlı olaraq sərmayə qoyuluşundan faydalanmaq imkanına malik olacaqlar. Layihə Azərbaycanın, eləcə də Dövlət Neft Şirkətinin investisiya, xarici sərmayələrinin diversifikasiyası və bundan əldə etdiyi gəlirlərinin həcminin artması baxımından vacibdir. Məhz bu səbəbdən də "Star Rafineri" zavodu iqtisadi baxımından rentabelli layihə kimi qiymətləndirilir".