“Prezident yüz minlərlə insanı sevindirdi” İqtisadiyyat

“Prezident yüz minlərlə insanı sevindirdi”

"Azərbaycan prezidentinin fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı fərmanı yerində atılmış addımdır. Hesab edirəm ki, bu, vətəndaşların sosial problemlərini dövlətin və onun başçısının diqqətdə saxladığını göstərən məsələlərdən biridir".
Prezident İlham Əliyevin fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında imzaladığı fərman haqda danışan Konstitusiya Araşdırmaları Fondunun prezidenti, keçmiş millət vəkili Əliməmməd Nuriyev belə deyib.
Onun sözlərinə görə, problemli kreditlərlə bağlı imzalanmış fərman əhalinin sosial rifahının yüksəldilməsinə xidmət edəcək və sosial problemlərin həllinə təkan verəcək:
"Bu, aparılan kompleks islahatların tərkib hissəsidir. Azərbaycan cəmiyyəti dövlət başçısı tərəfindən belə bir fərmanın verilməsini gözləyirdi. Artıq bu fərman imzalandı. Bu, yüz minlərlə insanı sevindirən bir addımdır. Bu, ölkə başçısı tərəfindən əhalinin sosial rifahının yüksəldilməsi çərçivəsində atılan mühüm addımlardan biridir.
Hesab edirəm ki, bu baxımdan imzalanmış fərmanda bütün məsələlərə diqqət ayrılıb və sənəd detallı formada hazırlanıb. Yüz minlərlə vətəndaşımız bu fərmanla tətbiq edilmiş güzəştlərdən faydalanacaq. Alqışa layiq bir addımdır".
Qeyd edək ki, Prezident İlham Əliyev Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında fərman imzalayıb.