Nazirlik: Türkiyə-Naxçıvan qaz xəttinin çəkilişi məsələlərinin hüquqi çərçivəsi müəyyənləşdirilir İqtisadiyyat

Nazirlik: Türkiyə-Naxçıvan qaz xəttinin çəkilişi məsələlərinin hüquqi çərçivəsi müəyyənləşdirilir

"Hazırda Türkiyə-Naxçıvan (Naxçıvan Muxtar Respublikası – red.) qaz xəttinin çəkilişi ilə əlaqədar məsələlərin hüquqi çərçivəsinin müəyyənləşdirilməsi istiqamətində müvafiq işlər görülür".
Bunu "APA-Economics"ə Azərbaycanın Energetika nazirinin müşaviri, mətbuat xidmətinin rəhbəri Zəminə Əliyeva deyib.
"Bu istiqamətdə "Türkiyə Respublikasının Energetika və Təbii Sərvətlər Nazirliyi ilə Azərbaycan Respublikasının Energetika Nazirliyi arasında Naxçıvan Muxtar Respublikasına Türkiyə Respublikasından təbii qazın tədarükünə dair Anlaşma Memorandumu" layihəsi baxılmaqdadır", - deyə Z. Əliyeva qeyd edib.
Onun sözlərinə görə, yaxın vaxtlarda layihənin razılaşdırılması ilə bağlı danışıqların yekunlaşdırılması nəzərdə tutulur.
Qeyd edək ki, Türkiyənin borularla nəqletmə operatoru olan "BOTAŞ" şirkəti İqdır-Naxçıvan qaz kəmərinin tikintisi çərçivəsində tədqiqat və mühəndislik işlərini aparacaq şirkətin seçimi üzrə tender elan edib. Məlumata əsasən, tender diametri 12 düym, uzunluğu isə təxminən 82 km olacaq qaz kəməri üzrə ərazi-tədqiqat, xəritə və müfəssəl mühəndislik işlərini əhatə edir. İşlər 270 gün ərzində həyata keçirilməlidir.
Xatırladaq ki, hazırda Naxçıvan Muxtar Respublikasının qazla təminatı İranla svop əməliyyatları əsasında həyata keçirilir.