"Azərbaycanda istehlakçı hüquqları qorunur" İqtisadiyyat

"Azərbaycanda istehlakçı hüquqları qorunur"

Şəmkirdə bu mövzuda konfrans keçirilib

Tərlan

İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti regionlarda istehlakçıların maarifləndirilməsi tədbirlərini 2015-ci ildə də davam etdirir. Bu ilin ilk belə tədbiri yanvarın 29-da 250-dən çox istehlakçının, aidiyyəti dövlət qurumlarının və ictimai təşkilatların nümayəndələrinin iştirakı ilə Şəmkirdə keçirilmişdir.
Tədbirdə çıxış edən Dövlət Xidmətinin rəis müavini Araz Əliyev möhkəm təməllər üzərində qurulan Azərbaycan iqtisadiyyatının 2014-cü ildə də dinamik inkişafını davam etdirdiyini, aparılan məqsədyönlü siyasət nəticəsində ölkədə işgüzar fəallığın daha da yüksəldiyini, əhalinin müxtəlif mal və xidmətlərə tələbatının artdığını vurğulamışdır. Diqqətə çatdırıldı ki, istehlakçıların seçim imkanının genişlənməsi istehlakçı hüquqlarının etibarlı müdafiəsinə diqqətin daha da artırılmasını zəruri edir. Tədbirdə istehlakçıların hüquqlarının qorunması istiqamətində görülən işlər barədə geniş məlumat verilmişdir. Bildirilmişdir ki, 2014-cü ildə həyata keçirilmiş nəzarət tədbirləri zamanı mənşəyi məlum olmayan, saxlama müddəti ötmüş, etiketlənməsi, keyfiyyət və təhlükəsizlik göstəriciləri normativ sənədlərin tələblərinə uyğun olmayan 49,3 ton müxtəlif növ ərzaq malları satışdan çıxarılaraq məhv edilmişdir.
Qeyd olunmuşdur ki, istehlak bazarının keyfiyyətsiz mal və xidmətlərdən qorunmasında inzibati tədbirlərlə yanaşı, maarifləndirmə tədbirləri də mühüm əhəmiyyət daşıyır. Əvvəlki illərdə olduğu kimi, ötən il ərzində də Dövlət Xidməti tərəfindən müxtəlif konfranslar və seminarlar keçirilmiş, kütləvi informasiya vasitələrində maarifləndirici məlumatlar yayılmış, istehlakçı hüquqlarına dair müxtəlif mövzularda yaddaş kitabçaları və digər əyani vəsaitlər hazırlanaraq istehlakçılara paylanmışdır. Təkcə 2014-cü ildə istehlakçıların maarifləndirilməsi məqsədilə 16 adda 88 min buklet, sahibkarların istehlakçıların hüquqlarının qorunması sahəsində vəzifələrinə dair 6 adda 6 mindən artıq yaddaş kitabçası hazırlanaraq paylanmışdır. Konfransda Dövlət Xidmətinin əməkdaşlarının istehlakçı hüquqlarının qorunması barədə məruzələri dinlənilmiş, istehlakçı hüquqları, həmçinin ticarət və xidmət qaydalarının tələblərinə əməl olunması və xidmət mədəniyyətinin yüksəldilməsi istiqamətində görülən işlər barədə tədbir iştirakçılarına geniş məlumat verilmişdir.
Tədbir Dövlət Xidməti əməkdaşlarının istehlakçı hüquqlarına dair maarifləndirici mövzularda çıxışları ilə davam etmişdir. Çıxışlarda maarifləndirmə işlərinin əhəmiyyəti bir daha vurğulanmış, istehlakçılara isə öz hüquqlarının müdafiəsində fəal olması, qarşılaşdıqları məsələlərin həllində aidiyyəti qurumlarla əməkdaşlıq edilməsi, malların keyfiyyət və təhlükəsizlik məsələlərinə diqqət yetirmələri tövsiyə olunmuşdur. Tədbir iştirakçılarına məlumat verilmişdir ki, istehlakçılar hüquqlarının pozulması halları ilə rastlaşdıqda Nazirliyin 195-2 Telefon Məlumat Mərkəzinə, 498-15-01 və 498-15-04 nömrəli telefonlar, Nazirliyin internet saytı və "Facebook" səhifəsi vasitəsilə Dövlət Xidmətinə məlumat verə bilərlər. Tədbirin sonunda istehlakçı hüquqlarına dair maarifləndirici materiallar paylanmışdır.