MSK Tənzilə Rüstəmxanlının şikayətini əsassız saydı Siyasət

MSK Tənzilə Rüstəmxanlının şikayətini əsassız saydı

Dünən Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında 42 saylı Sumqayıt ikinci Seçki Dairəsindən öz təşəbbüsü ilə deputatlığa namizədliyini irəli sürmüş Tənzilə Rüstəmxanlının namizədliyinin 42 saylı Sumqayıt II Dairə Seçki Komissiyası tərəfindən qeydə alınmaması ilə bağlı şikayətinə baxılıb.
MSK üzvü Ramiz İbrahimov deyib ki, Tənzilə Rüstəmxanlı namizədliyinin qeydə alınmamasından MSK-ya şikayət edib.
Tənzilə Rüstəmxanlı DSK-da imzaların yoxlanılması prosesində iştirak etmədiyini və təqdim etdiyi 183 imzanın əsassız olaraq etibarsız sayıldığını nəzərə çatdırıb. MSK-nın İşçi Qrupunun apardığı araşdırma zamanı məlum olub ki, Tənzilə Rüstəmxanlı namizədliyinin qeydə alınması üçün 550 imza təqdim edilib, 183 seçici 42 saylı Sumqayıt ikinci DSK-ya ərizə ilə müraciət edərək aldadılaraq imzalarının alındığını, Tənizlə Rüstəmxanlıya imza vermələrindən xəbərlərinin olmadığını bildirib. Eyni zamanda Tənizlə Rüstəmxanlının səlahiyyətli nümayəndəsinin də DSK-nın iclasında iştirak etdiyi məlum olub. Buna görə də MSK-nın İşçi Qrupu Tənzilə Rüstəmxanlının şikayətini əsassız sayıb.
MSK üzvü Almaz Qəhrəmanlı bu seçki kampaniyası dövründə deputatlığa namizədlərə imza vermiş şəxslərin imzalarını geri götürməsi hallarına ilk dəfə rast gəlinmədiyini vurğulayıb. O, Tənzilə Rüstəmxanlının sənədlərinin 7 gün ərzində DSK-da saxlanıldığını, bu müddət ərzində Tənzilə Rüstəmxanlıya imza vermiş şəxslərin imzalarından imtina edilməsi istiqamətində iş aparıldığını iddia edib. MSK üzvü Ramiz İbrahimov isə imzalarını geri götürmüş şəxslərin əksəriyyəti ilə telefonla əlaqə saxladığını və həmin şəxslərin aldadılaraq imza verdiklərini, imzalarını geri götürdüklərini təsdiqlədiklərini söyləyib. Ramiz İbrahimov isə deyib ki, Tənzilə Rüstəmxanlı üçün imza toplanarkən, müğənni Tünzalə Ağayevanın adından istifadə olunaraq seçicilər aldadılıb: "Biz 50 nəfərə yaxın imza verən şəxslə əlaqə saxladıq. Dedilər ki, aldadılmışıq. İmza verən şəxslərdən biri deyib ki, onlar Tənzilə Rüstəmxanlıya imza verən zaman onu Tünzalə Ağayeva ilə səhv salıblar, sevdikləri müğənni olduğu üçün ona imza veriblər, sonradan biliblər ki, bu, Tənzilə Rüstəmxanlıdır".
MSK sədri Məzahir Pənahov imza verən şəxslərin imzalarını sonradan geri götürməsi məsələsini araşdırmağın MSK-nın səlahiyyətində olmadığını bildirib: "İmza atan şəxs aldadıldığını bildirirsə, biz başqa qərar verə bilmərik".
MSK məsələni səsverməyə çıxarıb və Tənizlə Rüstəmxanlının şikayətini əsassız sayıb, Tənzilə Rüstəmxanlı deputatlığa namizəd kimi qeydə alınmayıb.