“Bu səfər digər dövlətlərə də bir işarə oldu” Siyasət

“Bu səfər digər dövlətlərə də bir işarə oldu”

Musa Qasımlı: "Prezident İlham Əliyev davranışı və sözləri ilə terroru pislədi, yaxşı və pis terrorçunun olmadığını göstərdi"

Musa Quliyev: "Azərbaycan Prezidenti əsl cəsarət, qardaşlıq jesti göstərərək "siz gələ bilmirsinizsə, o zaman mən gələrəm" dedi"

Asim Mollazadə: "Azərbaycan yenə də öz qardaşlığını, "bir millət, iki dövlət" düsturu ilə yaşadığını bütün dünyaya nümayiş etdirdi"

Vüqar Zifəroğlu: "Bu bir daha Türkiyə və Azərbaycanın nə qədər bir-birinə yaxın və qardaş ölkə olduğunun bariz nümunəsidir"

"Ankarada törədilən qanlı terror hadisəsindən dərhal sonra Prezident İlham Əliyevin qardaş Türkiyəyə səfər etməsinin dərin mənası var. Hər şeydən əvvəl, dövlət başçımız bir daha göstərdi ki, dövlətimiz, millətimiz ağır, kədərli günlərində qardaş türk millətinin və Türkiyənin yanındadır, onların acısını bölüşür, kədərlərinə şərik çıxır". Bunu millət vəkili, professor Musa Qasımlı deyib. Onun sözlərinə görə, bu səfər digər dövlətlərə də bir işarə oldu: "Prezident İlham Əliyev davranışı və sözləri ilə terroru pislədi, yaxşı və pis terrorçunun olmadığını göstərdi. Türkiyə olmayan yerdə Azərbaycan daim Türkiyənin haqq işini dəstəkləyib, ona qarşı edilən əsassız hücumlara layiqincə cavab verib".
Deputat əlavə edib ki, Prezident İlham Əliyev dünyada çox təhlükəli proseslərin getdiyini birmənalı olaraq bildirdi, terroru islam dini ilə əlaqələndirməyin səhv olduğunu, harada müsəlman varsa, terrorçu axtarmağın dövlətlər və xalqlararası münasibətlərə ziyan vurduğunu xüsusi vurğuladı: "Bəzi ölkələr islamafobiyanı dövlət siyasəti səviyyəsinə qaldırıblar. Belə yanaşma tamamilə yanlışdır. Çünki islam sülh, birgə yaşayış dinidir. İslamı terrorla eyniləşdirmək konkret məqsədlər üçün edilir. Azərbaycan isə dinlərarası, mədəniyyətlərarası dialoq baxımından bir model ölkə halına gəlib".
Millət vəkili Musa Quliyev deyib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ötən gün Türkiyəyə səfəri bütün dünyaya sübut etdi ki, ölkəmiz hər zaman Türkiyənin yanındadır və iki ölkə arasında münasibətlər strateji münasibətlərdən də yüksəkdir. Millət vəkili bildirib ki, sözügedən səfər dünya siyasəti tarixinə yüksək mərdlik, cəsarət, qardaşlıq və humanizm nümunəsi kimi düşdü: "Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da ötən gün etiraf etdi ki, Ümumilli Lider Heydər Əliyevin uzaqgörən və müdrikcəsinə söylədiyi "bir millət iki dövlət" anlayışının həqiqi mənada öz təsdiqini tapdı. Türkiyə hazırda terrorla üzləşmiş vəziyyətdədir. Qısa müddət ərzində Ankarada ikinci dəfə terror hadisəsi törədilib. Bilirsiniz ki, Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının beşinci iclası fevralın 18-də Gəncədə, martın 15-də isə Bakıda baş tutmalı idi. Lakin Ankarada baş verən terror hadisələri səbəbindən Türkiyə prezidentinin Azərbaycana səfəri, eləcə də ölkəmizdə keçirilməsi nəzərdə tutulan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının beşinci iclası təxirə salındı. Belə olan halda, Azərbaycan Prezidenti əsl cəsarət, qardaşlıq jesti göstərərək "siz gələ bilmirsinizsə, o zaman mən gələrəm" dedi. Türkiyənin ən ağır və çətin günündə Azərbaycan Prezidentinin qardaş ölkəyə nümayəndə heyəti ilə getməsi, orada baş tutan geniş tədbirdə iştirakı, eləcə də iki ölkə arasında qardaşlığın, dostluğun əbədi olacağını ifadə etməsi, Azərbaycan-Türkiyə arasında münasibətlərin hansı səviyyədə olduğunu bütün dünyaya bəyan etmiş oldu. Bundan əlavə, ölkə başçımız bu addımı ilə Azərbaycanın terrora, zorakılığa qarşı olduğunu bütün dünyaya nümayiş etdirdi və bildirdi ki, ölkəmiz bütün münasibətlərin beynəlxalq hüquq çərçivəsində aydınlaşdırılması və həll olunmasının tərəfdarıdır. Bu səfər istər Türkiyə, istər Azərbaycan, istərsə də dünyanın tərəqqipərvər ictimaiyyəti tərəfindən yüksək qiymətləndirildi. Sözügedən səfər dünya siyasəti tarixinə yüksək mərdlik, cəsarət, qardaşlıq və humanizm nümunəsi kimi düşdü".
Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadə bildirib ki, Prezident İlham Əliyevin Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının beşinci iclasında iştirak etmək üçün Türkiyəyə səfər etməsini və ümumiyyətlə, bu iclasın keçirilməsini çox yüksək qiymətləndirirəm: "Bilirsiniz ki, bu səfər Türkiyəyə hücumlar, Türkiyəyə qarşı çirkin terror aktlarının törədildiyi günlərdə həyata keçirilib. Bu mənada sözügedən səfər və iclasın keçirilməsi ilə Azərbaycan yenə də öz qardaşlığını, Türkiyə ilə yaxınlığını, "bir millət, iki dövlət" düsturu ilə yaşadığını bütün dünyaya nümayiş etdirdi".
A.Mollazadə qeyd edib ki, bu, Türkiyə və Azərbaycanın konkret layihələr həyata keçirməsi ilə yanaşı iki ölkənin xüsusi münasibətlərinin olmasının dünyaya mesajı idi: "Eyni zamanda, bu ağır günlərdə səfərin müəyyən qədər emosional mənası da var idi. Zənnimcə, həm Türkiyədə, həm də Azərbaycanın özündə bu səfər çox yüksək qəbul olunur. Yəni, qardaşlar ağır günlərdə bir olmalı, hər bir sahədə bir-birlərinə dəstək verməlidirlər".
Müsahibimiz bildirib ki, Azərbaycan-Türkiyə münasibətləri təkcə ikitərəfli münasibətlərlə məhdudlaşmır. Onun sözlərinə görə, iki ölkə böyük bir region üçün çox zəruri layihələr həyata keçirirlər: "Bura enerji, nəqliyyat, ticarət layihələri daxildir. Bu layihələr qitələri birləşdirən böyük layihələrdir. Azərbaycanla Türkiyə sistemli şəkildə çox mühüm işlər görürlər. Bunlar Bakı-Tbilisi-Ceyhan layihəsindən başlamış bu gün artıq beynəlxalq nəqliyyat, ticarət və qaz layihələrini əhatə edir. Eyni zamanda bu layihələrlə yanaşı humanitar sahədə də iki ölkənin münasibətləri inkişaf edir. Azərbaycanın multikulturalizmlə bağlı olan təşəbbüsləri də Türkiyə tərəfindən dəstəklənir. Mən əminəm ki, Azərbaycanla Türkiyə əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində addımlar atmaqda davam edəcək. Eyni zamanda Azərbaycanla Türkiyə bölgəmizin təhlükəsizliyini təmin etmək üçün də çox böyük potensiala malikdirlər".
A.Mollazadə, həmçinin qeyd edib ki, iki ölkənin münasibətlərini hazırda ən yüksək səviyyədədir və digər addımların atılması ilə münasibətlərin hazırkı səviyyəsi daha da inkişaf etdiriləcək.
Millət vəkili Kamilə Əliyeva deyib ki, Ankarada törədilən qanlı terror hadisəsindən dərhal sonra Prezident İlham Əliyevin qardaş Türkiyəyə səfər etməsi mühüm addım idi. K. Əliyevanın sözlərinə görə, ölkə başçımızın səfəri Azərbaycanın hər zaman, hətta ən acı zamanında Türkiyənin yanında olduğunu, iki ölkə arasında möhkəm sarsılmaz dostluğun mövcudluğunu sübut etdi: "Bilirsiniz ki, Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının beşinci iclası Azərbaycanda keçirilməli idi. Lakin Ankarada bir ay ərzində 2 terror hadisəsinin baş verməsi nəticəsində tədbir təxirə salındı və qardaş ölkənin prezidenti Azərbaycana gələ bilmədi. Belə olan halda Azərbaycan Prezidenti türkiyəli həmkarına jest edərək qardaş ölkəyə səfər etdi".
Millət vəkilinin sözlərinə görə Azərbaycan Prezidentinin bu addımı gözlənilən idi: "Türkiyənin mövcud olduğu ağır vəziyyətində dövlət başçımızın qardaş ölkəyə səfəri hər iki ölkə tərəfindən çox müsbət qarşılandı. Türkiyə bizim üçün qonşu ölkə olmaqla yanaşı, həm də dost, qardaş ölkədir. Azərbaycan Prezidentinin atdığı adımı da məhz qardaş-qardaşa ata bilərdi. Bununla da sübut olundu ki, Azərbaycan-Türkiyə əlaqələri möhkəmdir və buna heç kim mane ola bilməz".
"Oğuz" Müstəqil Araşdırmaçılar Qrupunun rəhbəri, fəlsəfə doktoru Vüqar Zifəroğlu deyib ki, Türkiyə ilə Azərbaycan arasındakı Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının V iclasının Bakı əvəzinə Ankarada keçirilməsi təşəbbüsünün Azərbaycan Prezidenti tərəfindən irəli sürülməsi faktiki olaraq, Azərbaycanın qardaşlıq, həmrəylik addımı ataraq, istənilən halda Türkiyənin yanında olduğunu açıq şəkildə bütün dünyaya nümayiş etdirməsi deməkdir. O xatırladıb ki, Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın bu il fevralın 18-də Azərbaycana planlaşdırılan səfəri Ankarada terror aktının törədilməsi səbəbindən təxirə salınmışdı. Vurğulayıb ki, növbəti dəfə səfər ərəfəsində yenidən terror aktının törədilməsi Prezidentlərin görüşünə mane ola bilməyib: "Dövlət başçımız İlham Əliyevin Türkiyəyə səfəri Azərbaycanın, Prezidentimizin bu ölkə ilə həmrəy olduğunu açıq şəkildə göstərən bir jestdir. Prezidentimizin bu jesti bir daha Türkiyə və Azərbaycanın nə qədər bir-birinə yaxın və qardaş ölkə olduğunun bariz nümunəsidir".

Əli