“İranın Rusiyaya ehtiyacı azalacaq” Siyasət

“İranın Rusiyaya ehtiyacı azalacaq”

Araz Aslanlı: "Bu mənada üçtərəfli format İran üçün də faydalı olmayacaq"

"Azərbaycan xarici siyasətinin əsas istiqaməti balanslaşdırılmış xarici siyasət kursudur. Azərbaycan istər qonşuluğunda, istərsə də qonşuluğundan kənarda qlobal siyasətdə əhəmiyyətli olan ölkələrin əksəriyyəti ilə münasibətləri normal saxlamağa çalışır və bununla bağlı Azərbaycanın əsas prioritetləri var. Deyək ki, beynəlxalq hüququn əsas prinsiplərinə hörmət, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı məsələsində ədalətli mövqenin nümayişi, yaxud həmin dövlətin qlobal imkanlarını nəzərə almaq, Azərbaycan üçün əhəmiyyətli məsələlərdə, məsələn enerji, nəqliyyat sahələrində ölkəmizlə əməkdaşlıq imkanlarının mövcud olması əsas götürülür". Bu fikirləri Qafqaz" Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin (QAFSAM) rəhbəri, analitik Araz Aslanlı səsələndirib. O, deyib ki, İran və Rusiya bu baxımdan bir neçə istiqamət üzrə Azərbaycanla uyğun gəlir: "Yəni qonşuluqdakı əhəmiyyətli dövlətlər kimi, nəqliyyat baxımından, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə töhfə vermək niyyəti yox, imkanları baxımından əhəmiyyətli qonşulardır. Bilirsiniz ki, İran və Rusiyanın təşəbbüsü ilə "Şimal-Cənub" dəhlizi reallaşdırılır, Azərbaycan isə "Şərq-Qərb" dəhlizində iştirak edir. Azərbaycan "Şərq-Qərb" dəhlizində iştirak etməklə həm də bunu qeyd edir ki, "Şimal-Cənub" dəhlizində də iştirak edə bilər. Yəni "Şimal-Cənub" dəhlizi ilə bağlı bu prizmanı bir kənara qoysaq, biz qalan məsələlərdə üçtərəfli əməkdaşlığın xüsusi bir formatını görməmişik. Tarixə baxsaq, Azərbaycan tarix boyunca İranla Rusiya arasında rəqabət meydanı olub, əməkdaşlıq sahəsi olmayıb. Ölkəmiz yalnız "Şimal-Cənub" dəhlizi ilə bağlı Rusiya ilə İran arasında əməkdaşlıq sahəsi olub. Bu gün Dağlıq Qarabağ münaqişəsinin həlli ilə də bağlı İranla Rusiya arasında əməkdaşlıq mühiti yoxdur. Biz bilirik ki, İran mütəmadi olaraq Rusiyanın da yer aldığı ATƏT-in Minsk qrupu formatını tənqid edir. Bəyan edir ki, kənar dövlətlərin iştirakı ilə Qarabağ məsələsi həll oluna bilməz. Ola bilsin ki, nazirlərin görüşündə hansısa xüsusi məsələlər müzakirə olunacaq, mən əlbəttə bu görüşün detallarını bilmirəm. Amma mən bu görüşün Azərbaycan-Türkiyə-Gürcüstan, Azərbaycan-Türkiyə-Türkmənistan, yaxud Azərbaycan-Türkiyə-İran əməkdaşlıq formatı kimi uzunümddətli bir formata çevriləcəyini gözləmirəm. Ola bilsin ki, nazirlər gələcəkdə də üçtərəfli formatda görüşlər keçirsinlər. Amma mən bu görüşün "Şimal-Cənub" nəqliyyat dəhlizinin inkişafından başqa hansısa xüsusi sahəyə töhfə verəcəyinə kifayət qədər şübhə ilə yanaşıram". Onun fikrincə, hətta Xəzərin statusu məsələsində də kənardan elə görünür ki, İranla Rusiyanın mövqeyi yaxın mövqedir: "Amma iki ölkənin bu məsələdə də mövqeləri çox da yaxın deyil. Daha doğrusu, statussuzluqla bağlı mövqeləri yaxındır. Amma statusun necə olacağı ilə bağlı mövqeləri yaxın deyil: "İkitərəfli formatda Azərbaycanın Rusiya və İranla münasibətlərində müsbət nüanslar çoxdur. Problemli məqamlar da var, amma yenə deyirəm, müsbət nüanslar da var. Azərbaycan-Rusiya-İran üçtərəfli əməkdaşlıq formatı üçün baza yarada biləcək məqamlar azdır. Deyək ki, Azərbaycan-Gürcüstan-Türkiyə əməkdaşlığı üçün kifayət qədər çox istiqamət var. Neft və qaz boru kəmərləri, dəmiryolu xətti, təhlükəsizliklə bağlı hələ 1990-cı illərin sonlarından bünövrəsi qoyulan əməkdaşlıq formatları, görüşlər var. Təxminən, yəni bu qədər olmasa da, buna yaxın məqamları Azərbaycan-Türkiyə-Türkmənistan formatı barədə də deyə bilərik. Azərbaycan və Türkiyənin iştirakı, digər üçüncü dövlətin də qatıldığı əməkdaşlıq formatının uğurlu olması şansı daha çoxdur, nəinki Azərbaycan-Rusiya-İran formatının. Düzdür, İrana qarşı sanksiyalar aradan qalxdıqca əməkdaşlıq imkanları daha da arta bilər. Amma Azərbaycan-Rusiya-İran formatında nəqliyyat dəhlizindən savayı, nə təhlükəsizliklə, nə enerji kəmərləri ilə bağlı əməkdaşlıq üçün nüans gözləmirəm. Ola bilər, hansısa iddialar ortaya atılsın. Amma ümumi götürdükdə Rusiya və İran enerji məsələsində rəqibdir. Həmçinin Azərbaycan da onlarla müəyyən mənada rəqib kimi çıxış edir. Ona görə də bu format yalnız Rusiya-İran dəmiryolu yük daşımaları ilə bağlı işə yaraya bilər. Hətta İrana qarşı sanksiyalar aradan qalxdıqdan sonra İranın Rusiyaya ehtiyacı da azalacaq və bu mənada üçtərəfli format İran üçün də faydalı olmayacaq".