Jurnalistlərdən BMT-nin xüsusi məruzəçisinə etiraz Siyasət

Jurnalistlərdən BMT-nin xüsusi məruzəçisinə etiraz

Ölkəmizdə səfərdə olan BMT-nin xüsusi məruzəçisi Mişel Forst Bakıda mətbuat konfransı keçirib. O, Azərbaycandakı insan hüquqları üzrə araşdırmaların ilkin nəticələrini açıqlayıb.
BMT rəsmisi mətbuat konfransında jurnalistlərə qarşı sayğısızlıq nümayiş etdirib. O, jurnalistlər arasında ayrı-seçkilik edərək, yalnız müxalif yönümlü media qurumlarının nümayəndələrinə sual verməyə şərait yaradıb.
Mişel Forstun bu hərəkəti mətbuat konfransında iştirak edən jurnalistlərin ciddi narazılığına səbəb olub.
Bir qrup müstəqil jurnalist, o cümlədən "APA" agentliyinin əməkdaşı Ramiz Mikayıloğlu, "Publika.az" xəbər portalının əməkdaşı Vasif Həsənli, "Azvision.az" saytının əməkdaşı Elvin Abdulqədirov, "Trend" agentliyinin əməkdaşı və digər media təmsçilçiləri çıxış üçün söz alaraq, Mişel Forsta etirazlarını bildiriblər.
Jurnalistlər Mişel Forsta irad tutaraq vurğulayıblar ki, sözügedən hesabat hazırlanarkən, yalnız müxalif yönümlü QHT-lərin, partiyaların və media qurumlarının mövqeyi dinlənilib: "Bu isə qərəzli və təxribat xarakterlidir", deyə jurnalistlər əlavə ediblər.
Mişel Forst jurnalistlərin israr etməsinə baxmayaraq bu suallara cavab verməkdən yayınıb:
- Sizin Azərbaycanla bağlı hazırladığınız hesabat qeyri-ciddi təəssürat bağışlayır və QHT-lərin hazırladığı hesabata oxşayır, yalnız hökümətin tənqidi əksini tapıb. Dövlətin insan hüquqları sahəsində gördüyü tədbirlər hesabatda niyə öz əksin tapmayıb?
- Hesabatınızda bəzi ifadələr sözbəsöz beynəlxalq QHT-lərin hesabatından götürülərək təkrarlanıb. Sizin öz müstəqil yanaşmanız yoxdur?
- Hesabatınızda həbslərlə bağlı məsələlərə toxunulur. Siz həmin faktları araşdırmısınızmı?
- Niyə hesabatda qaçqınların hüquqları ilə bağlı məsələ qaldırılmayıb? Siz mandatınızın bütün insan hüquqları ilə bağlı olduğunu qeyd edirsiniz. Erməni girovluğunda saxlanan iki azərbaycanlı ilə bağlı hesabatınızda heç nə yoxdur. Bunu necə izah edərdiniz?
BMT-nin xüsusi nümayəndəsinin jurnalistlərin suallarını qulaq ardına vurması təqdim olunan hesabatın qeyri-şəffaf və haqsız olduğunu göstərir.
Mişel Forstun suallardan yayınması "mənlik deyil" - deyə qısa cavablar verməsi, mətbuat konfransında sual vermək üçün yalnız müxalif media nümayəndələrinə üstünlük verməsi Azərbaycanda insan haqları ilə bağlı hesabatın araşdırılmadan, hansısa QHT-nin qərəzli məlumatlarına istinad edilərək hazırlanmasından xəbər verir.
Xatırladaq ki, BMT-nin xüsusi məruzəçisi Mişel Forst 14-22 sentyabr tarixlərində insan hüquqları müdafiəçilərinin vəziyyətini araşdırmaq üçün Azərbaycanda rəsmi səfərdədir.