“Rusiya birmənalı olaraq erməniləri çarmıxa çəkib” Siyasət

“Rusiya birmənalı olaraq erməniləri çarmıxa çəkib”

Rüstəm Məmmədov: "Bu çarmıxdan Sarksiyan hökumətinin necə çıxacağı maraqlıdır"

"Ermənistandakı situasiya gərgindir, bu ölkənin vəziyyəti çox acınacaqlıdır. Ermənistan seçki ərəfəsindədir, heç özləri də bilmir ki, hara doğru gedirlər. Fikrimcə, Rusiya birmənalı olaraq erməniləri çarmıxa çəkib. Siz bunu bilməlisiniz. Bu çarmıxdan Sarksiyan hökumətinin necə çıxacağı maraqlıdır". Bu fikirləri politoloq Rüstəm Məmmədov səsləndirib. Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun Moskvaya səfərini şərh edən ekspert bildirib ki,
Qarabağ sadəcə olaraq, şərtdir: "Əsas söhbət ondan gedir ki, Ermənistan bir dövlət olaraq gələcək siyasətini necə qurmaq niyyətindədir. Bu ölkə gələcək siyasətini Rusiya ilə quracaq, yoxsa Qərblə və ya müstəqil siyasət aparmağa çalışacaq. Bu gün Ermənistanın siyasətində qeyri-sabitlik mövcuddur. İrəvan özü də bilmir ki, nə istəyir. Bu mənada Rusiya bu vəziyyətə bir aydınlıq gətiməlidir. Və fikrimcə gətirəcək".
O diqqətə çatdırıb ki, bu gün Ermənistan sayıqlayır: "Onlar mütəmadi olaraq bir gözlə Qərbə, digər gözlə Rusiyaya baxır. Hərdən də gözləri sayıqlayır və cənuba diqqət edir. Ancaq heç bir istiqamətdə bir məntiq tuta bilmir. Bax bu səbəbdən də Ermənistanın vəziyyəti çox ağırdır. Mənə elə gəlir ki, Ermənistanın dəqiq siyasəti xətti olmadığından bu durumla üzləşməli olub".
Ermənistanın hədələrinə gəlincə politoloq "qoyun nə istəyirlər desinlər",- deyə bildiirb: "Onlardan, bu bəyanatlarından qorxmaq lazım deyil. Əgər vurmaq istəyəcəksə, deməli cavabını da alacaq. Bu mənada Azərbaycan artıq əvvəlki Azərbaycan deyil. Əksinə, Azərbaycan onu hədəfə almaq istəyən Ermənistana layiqli cavab verə biləcək dövlətdir.
Onlar Azərbaycana xox gəlməyə, bizi qorxutmağa çalışırlar. Ancaq anlamırlar ki, Ermənistanı bu gün Azərbaycana hücum etməyə, məsələn neft kəmərlərini hədəfə almağa heç kim qoymaz və imkan verməz.
İkincisi, Ermənistan bu gün Azərbaycana hücum çəkməklə əslində Rusiyanı Azərbaycandan ayırmağa çalışır. Amma buna nail ola bilməyəcək".
Cəbhədəki gərginlikdən dnışan politoloq deyib ki, indi Ermənistanda daxili siyasi situasiya ürəkaçan deyil: "Fikrimcə, son dövrlər cəbhə xəttində qarşıdurmanın olması da Ermənistanın daxili vəziyyətindən doğan nəticədir. Onlar bu yolla vəziyyəti stabilləşdirmək, erməni vətəndaşlarının diqqətini əsas problemlərdən yayındırmağa çalışırlar. Məqsəd budur. Odur ki, cəbhə xəttində belə gərgin vəziyyətin olmasında maraqlıdırlar. Bir sözlə, özlərini müharibəyə sürükləmək ideyası ilə insanları sakitləşdirməyə cəhd göstərirlər".
Yazda cəbhədə vəziyyətin yenidən gərginləşib gərginləşməyəcəyinə gəlincə ekspert " məncə, bu, Rusiya ilə səfərdən sonra daha dəqiq bilinəcək",- deyə vurğulayıb: "Hazırda müzakirələr gedir. Amma o dəqiqdir ki, Ermənistanda siyasi, iqtisadi, sosial durum çox ağırdır".
Politoloq eyni zamanda Avropa Birliyinin ikili standart münasibətlərinə də toxunub: "Avropa bu gün öz fəaliyyət prinsiplərində doğurdan da dünya həqiqətləri və reallıqları, habelə ədalət prinsiplərinə əsaslanmır. Əksinə, ikili standartların şahidi oluruq. Məncə, bu gün xristian ideyası insan haqlarına hörmət prinsipindən daha güclüdür. Ancaq Azərbaycan da yaxın gələcəkdə belə bir hüquq qazanmaq şansına malikdir".