“Ermənistanın bu addımı gecikmiş bir addımdır” Siyasət

“Ermənistanın bu addımı gecikmiş bir addımdır”

Fikrət Sadıqov: "Türkiyə bu məsələyə çoxdan nöqtə qoyub"

"Təbii ki, bu, çarəsizlikdən atılan bir addımdır. Baxın, 2009-cu ildə imzalanan protokollar Ermənistan tərəfindən 2018-ci ildə ləğv olunur. Ermənistan uzun illər ərzində gözləyib ki, Türkiyə ona güzəştə gedəcək. Sərhədləri açacaq, diplomatik münasibətləri bərpa edəcək, onlarla əməkdaşlıq edəcək". Bu fikirləri politoloq Fikrət Sadıqov Ermənistanın Sürix protokollarını ləğv edəcəyi ilə bağlı fikirlərə münasibət bildirərəkən deyib: "Ermənistan siyasi təxribatçılıq metodlarına bənzər addımlarla öz məqsədlərinə çatacağını düşünürdü. Ermənistan bir yandan Türkiyəyə qarşı ərazi iddiaları irəli sürür, 1915-ci il olaylarını soyqırım kimi tanıtmağa çalışır, Azərbaycanın torpaqlarını işğal altında saxlayır, digər tərəfdən Türkiyədən bu protokolların təsdiqini gözləyirdi. Bu, gülünc bir yanaşmadır. Türkiyə heç vaxt bunu etməzdi. İndi isə Sərkisyanın bu protokolları nümayişkəranə şəkildə ləğv etdiklərini dilə gətirməsi Ermənistandakı seçkilərə hesablanan bir addımdır. Görünür, Sərkisyan əvvəldən belə bir addımı seçki öncəsi atmağı planlaşdırıb. Məqsəd isə müəyyən seçici dairəsinin xoşuna gəlmək, onların dəstəyini almaqdır. Ermənistanın bu addımı gecikmiş bir addımdır. Türkiyə bu məsələyə çoxdan nöqtə qoyub. Türkiyə anlayıb ki, Ermənistanın xeyirdən, yaxşılıqdan anladığı heç nə yoxdur və ona güzəştə getmək bu günün reallığı ilə ayaqlaşmayan qeyri-obyektiv bir addım olar".