“Rusiya atdığı addımları hərtərəfli düşünməlidir” Siyasət

“Rusiya atdığı addımları hərtərəfli düşünməlidir”

Arzu Nağıyev: "Lakin nədənsə şimal qonşumuz əks addımlar atır"

"ATƏT-in Minsk qrupu kimi Rusiya atdığı addımları hərtərəfli düşünməlidir. Abxaziyanın "prezidenti" Raul Xadjimba və Rusiya XİN-nin 4-cü MDB idarəsinin rəisi Aleksey Pavlovskinin, Dnestryanı, Cənubi Osetiya Dağlıq Qarabağ separatçılarının təmsilçiləri ilə görüş onların üçüncü tərəf kimi danışıqlara cəlb etməkdir". Bu fikirləri siyasi şərhçi Arzu Nağıyev deyib. Gürcüstan öz ərazi bütövlüyü üçün əlindən gələni etdiyini deyən A.Nağıyev söyləyib ki, Azərbaycan da heç zaman Dağlıq Qarabağı üçüncü bir tərəf kimi qəbul etməyəcək. Siyasi şərhçinin sözlərinə görə, əgər münaqişə ocaqlarının yaranmasında SSRİ-nin birbaşa rolu olubsa, Qərb, eləcə də hər kəs bilir ki, Rusiya bir sələf kimi bu məsələlərin həllində maraqlı olmalıdır: "Lakin nədənsə Rusiya əks addımlar atır. Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın xeyrinə həll olunması Rusiya üçün zərbədir. Çünki, Ermənistan avtomatik olaraq ondan imtina edə bilər. Bildiyiniz kimi Ermənistana yeni hakimiyyət də məhz Qarabağ kartının üzərindən gəlib".
İqtisadi, siyasi layihələrdən kənarda qalan Ermənistanın Rusiya vasitəsilə müəyyən addımlar atmağa çalışdığını deyən A.Nağıyev "Rusiya da ona yarınmaq üçün belə məsələlərdə Dağlıq Qarabağ kartından istifadə edir ki, Ermənistanın iqtisadi vəziyyətdən ondan asılı olduğunu gündəmə gətirsin. Düşünürəm ki, Rusiya XİN-in açıqladığı son açıqlama beynəlxalq normalara ziddir. Bu, regionda problemlərin daha artmasına, danışıqların uzadılmasına, status-kvonun saxlanmasına gətirib çıxara bilər. Ən əsası da odur ki, Rusiya ATƏT-in Minsk qrupunda təmsil olunan bir dövlət belə məsələlərə ehtiyatla yanaşmalıdır"- bildirib.
Məlumat üçün nəzərinizə çatdıraq ki, bir müddət əvvəl Abxaziyanın "prezidenti" Raul Xadjimba və Rusiya XİN-nin 4-cü MDB idarəsinin rəisi Aleksey Pavlovski, Dnestryanı, Cənubi Osetiya Dağlıq Qarabağ separatçılarının təmsilçiləri ilə görüşüblər. Azərbaycanın Xarici İşlər Nazirliyi bu görüşün regionda sülhə və təhlükəsizliyə ciddi zərbə kimi qiymətləndirsə də, buna cavab olaraq da Rusiya XİN-nin məlumatında qeyd olunub ki, Rusiyanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi konkret beynəlxalq tədbirlərdə Azərbaycanın işğal edilmiş torpaqlarında yaradılan separatçı rejimin nümayəndələri ilə təsadüfən "üz-üzə" gəlmək olar deyə iştirakdan imtina etməyi heç vaxt nəzərdə tutmayıb".
Politoloq Elxan Şahinoğlu isə deyib ki, Rusiya Xarici İşlər Nazirliyi son açıqlaması ilə Azərbaycanın ərazi bütövlüyünə olan münasibətini ortaya qoyub: "Deməli, bir müddət əvvəl Abxaziyanın "prezidenti" Raul Xadjimba və Rusiya XİN-nin 4-cü MDB idarəsinin rəisi Aleksey Pavlovski, Dnestryanı, Cənubi Osetiya Dağlıq Qarabağ separatçılarının təmsilçiləri ilə görüşüblər. Separatçıların birgə nə müzakirə etdikləri məsələnin başqa tərəfidir. "Hələlik görüşün özü haqqında danışaq. Azərbaycan XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev haqlı olaraq bu görüşü regionda sülhə və təhlükəsizliyə ciddi zərbə kimi qiymətləndirib. Buna cavab olaraq da Rusiya XİN-nin məlumatında uzun cümlə yer alıb: "Rusiyanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi konkret beynəlxalq tədbirlərdə Azərbaycanın işğal edilmiş torpaqlarında yaradılan separatçı rejimin nümayəndələri ilə təsadüfən "üz-üzə" gəlmək olar deyə iştirakdan imtina etməyi heç vaxt nəzərdə tutmayıb".
Bu açıqlama ilə demək istəyirlər ki, Rusiya rəsmilərinin Dağlıq Qarabağ separatçılarının təmsilçiləri ilə "təsadüfən üz-üzə" gəlmələrində heç bir qəbahət yoxdur. Birinci, bu "təsadüf" deyil, Rusiya XİN-nin diplomatı separatçılarla görüşə bilərəkdən qatılıb. İkincisi, Abxaziyada separatçıların toplaşması da Moskvanın təlimatı ilə həyata keçirilib. Bunu Abxaziya özbaşına edə bilməzdi, çünki bu bölgə tamamən Rusiyanın nəzarəti altındadır. Rusiyanı Azərbaycanın strateji tərəfdaşı adlandıran cənabların da məsələyə münasibətini öyrənmək maraqlı olardı".