Azərbaycanın xarici işlər naziri AŞPA-da çıxış edib Siyasət

Azərbaycanın xarici işlər naziri AŞPA-da çıxış edib

"Qarabağ münaqişənin həlli istiqamətində plan artıq mövcuddur"

Elmar Məmmədyarov: "Cənab Ruke Azərbaycan sərhədlərinin statusu ilə bağlı qanunlarımıza hörmət etməyib"

Dünən Avropa Şurası Parlment Assambleyasının yay sessiyasının ilk plenar iclasında Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsindəki sədrliyi çərçivəsində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov çıxış edərək ölkənin 6 aylıq sədrliyi ərzindəki əsas prioritetləri haqda danışıb.
APA-nın Avropa bürosunun xəbərinə görə, nazir bu müddət ərzində Bakıda keçiriləcək tədbirlərin proqramı barədə məlumat verib. O, korrupsiya ilə bağlı mübarizəyə diqqət çəkərək bu mövzuda Bakıda xüsusi tədbir keçiriləcəyini söyləyib.
E. Məmmədyarov Azərbaycanda keçiriləcək ilk Avropa Oyunlarının ölkə üçün çox əhmiyyətli bir hadisə olduğunu bildirib. Eyni zamanda, ölkənin mədəniyyətlərarası və dinlərarası dialoqun aparılmasında əvəzsiz təcrübəsi olduğunu qeyd edərək, bu yöndə də sentyabrın əvvəlində Bakıda böyük bir tədbirin təşkil ediləcəyini deyib. O, Azərbaycanla AŞ arasında qəbul olunmuş Fəaliyyət Planına dair bir daha müzakirələrin aparılacağını, AŞ-nın sosial həmrəylik proqramı ilə bağlı Bakıda nazirlər səviyyəsində xüsusi bir toplantının keçiriləcəyini açıqlayıb.
Bundan başqa, Ukraynadakı məsələlərə toxunan E. Məmmədyarov bu ölkədə keçirilmiş prezident seçkilərinin sülh şəraitində, yüksək səviyyədə və beynəlxalq normalara uyğun bir şəkildə baş tutduğunu vurğulayıb. Kosovonun statusundan bəhs edən nazir bu məsələdə bir çox üzv ölkə arasında fərqli mövqeyin olduğunu xatırladaraq, Avropa Şurasının bu məsələdə neytral mövqe tutmalı olduğunu deyib.
Daha sonra, E. Məmmədyarov assambleya üzvlərinin müxtəlif suallarına cavab verib. XİH rəhbəri Fransa parlamentinin üzvü Fransua Roşbluanın Fransanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Röne Rukeylə sualına cavab verərək, R.Rukenin Azərbaycan sərhədləri ilə bağlı qanunlarına hörmətsiz yanaşdığını vurğulayıb.
E.Məmmədyarov deyib ki, AŞPA üzvləri də qanun çərçivəsində hərəkət etməli, üzv ölkələrin qanunlarına hörmətlə yanaşmalıdırlar: "Cənab Ruke bizim sərhədlərin statusu ilə bağlı qanunlarımıza hörmət etməyib. Azərbaycan belə qanunları qəbul etməkdə tək deyil və belə praktika başqa ölkələrdə də tətbiq olunur".
Avropa Şurası Parlament Assambleyasında AŞ Nazirlər Komitəsinin sədri qismində çıxış edən Azərbaycanın xarici işlər naziri "dondurulmuş münaqişələr", eləcə də Dağlıq Qarabağ münaqişəsi ilə bağlı suallara da cavab verərək, Azərbaycanın bu məsələdə yeganə yanaşmasının olduğunu deyib.
E. Məmmədyarov Dağlıq Qarabağ münaqişəsi dedikdə, burada birmənalı olaraq Azərbaycan ərazilərinin itirilməsindən söhbət getdiyini vurğulayıb: "Əlbəttə ki, bu münaqişənin həlli ilə bağlı çox müzakirələr olub. Biz hesab edirik ki, Avropa Şurası Nazirlər Komitəsi regionda sülhün bərqərar olmasına daha çox töhfə verə bilər. Münaqişənin həlli istiqamətində erməni tərəfi ilə danışıqlarda birbaşa iştirak edən Azərbaycanın xarici işlər naziri qismində onu deyə bilərəm ki, bu münaqişənin həlli istiqamətində plan artıq mövcuddur. Söhbət beynəlxalq hüquq normaları və BMT Təhlükəsizlik Şurasının qətnamələrindən gedir. BMT çox mötəbər təşkilatdır, onun qərarlarına hörmətlə yanaşılmalıdır. Yəni, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı təməl qərarlar artıq mövcuddur. 1993-cü ildə qəbul olunmuş bu qərarlar Ermənistana qarşı tələblərin hələ də qüvvəsində qaldığını göstərir. Yəni Ermənistandan Azərbaycan ərazilərindən öz hərbi hissələrini çəkməsi tələb olunur. Hesab edirəm ki, bu qətnamələrin həyata keçirilməsi lazımdır. Münaqişənin həll olunmasında bu yolla gedilsə, bütün region üçün faydalı olar. Bu nə qədər tez baş versə, orada yaşayan insanlar üçün də bir o qədər də yaxşı olardı. Çox ümid edirik ki, Avropa Şurası da hər zaman olduğu kimi, ölkələrin ərazi bütövlüyü məsələsində prinsipial mövqeyini qoruyub saxlayacaq. Bu mövqe beynəlxalq hüquq normaları baxımından ən düzgün və faydalı yanaşma olardı".