“Merkelin Bakı səfəri Ermənistanı çətin duruma salıb” Siyasət

“Merkelin Bakı səfəri Ermənistanı çətin duruma salıb”

"Almaniya kansleri Angela Merkelin Qafqaz turundan sonra regionda müəyyən canlanma baş verdi. Merkelin Cənub Qafqaz ölkələrinin liderləri ilə görüşü regionda yeni situasiya yaradıb. Merkelin Bakı səfəri və imzalanan uzunmüddətli iqtisadi müqavilələr Ermənistanı çətin duruma salıb". Bunu politoloq Vasif Əfəndiyev deyib. Onun sözlərinə görə, ABŞ-ın Rusiya və İrana qarşı tətbiq etdiyi embarqolar Ermənistana da təsir edəcəyi şübhəsizdir: "Çünki, bu ölkənin iqtisadiyyatı 100 faiz bu ölkələrə bağlıdır. Paşinyanın qərb ölkələrindən maliyyə yardımı istəyi isə birbaşa Ermənistanın siyasi mövqeyindən asılıdır. İndiyə qədər Ermənistan "Qarabağ klanı" vasitəsilə, Rusiya və İranın hərtərəfli dəstəyi ilə ayaqda qalması mümkün olmuşdusa artıq ağır iqtisadi dövr yaşayan bu iki ölkə ermənilərin tələblərini ödəmək üçün çətinliklər çəkir. İnqilab yolu ilə hakimiyyətə gələn Paşinyan meydanlarda xalqa verdiyi sözləri tutmaq üçün böyük çətinliklərlə üzləşsə də korrupsiya və inhisarçılığa qarşı ciddi mübarizə görüntüsü verməyə məcburdur. Hələ də parlamentdə köhnə hakimiyyət nümayəndələrinin say çoxluğu var. Parlamenti buraxaraq yeni seçkilər keçirməyə cəhd edən Paşinyan köhnə qvardiyanın ciddi maneəsi ilə üzləşir. Bu qvardiya isə öz gücünü təslim olduğu Rusiyadan alır. Paşinyanın korrupsiya və digər ağır cinayətlərdə ittiham olunan şəxsləri həbs etməsi Rusiyada böyük narazılıqla qarşılandı və hətta Rusiya XİN başçısı Sergey Lavrov da məsələyə kəskin münasibət bildirdi.
KTMT–nin baş katibi Yuriy Xaçaturovun və müdafiə naziri Mikael Artyunyanın həbsi gərginliyi bir qədər də artırdı. Özünü təsir dairəsi olan ölkələrdə rüşvət, korrupsiya, inhisarçılıq və saxta seçkiləri dəstəkləyən Rusiya hakimiyyəti Paşinyanın demokratik islahatlar aparmağa mane olmaq məqsədilə keçmiş prezident, "Qarabağ klanının" ideya müəllifi Robert Koçaryanı yenidən siyasətə qaytarmaq üçün hərəkətə keçdi. Koçaryanın həbsi də bu planı pozmaq məqsədini daşıyırdı. Rusiyanın təzyiqləri ilə həbsdən azad olunan Koçaryan dərhal NTV kanalı vasitəsilə geniş müsahibə verdi və böyük siyasətə qayıtdığını bəyan etdi. Baş verənlərin nəticəsi olaraq separatçı rejimin rəhbəri Bako Saakyan da Paşinyanın Ermənistan hakimiyyətində kök salmış "Qarabağ klanına " qarşı addımlarından çox narahat görünür. Koçaryanın həbsdən çıxmasından dərhal sonra Putinin ona zəng etməsi Paşinyan üçün çox ciddi xəbərdarlıqdır. Separatçı rejimlə münasibətlərini normallaşdırmaq Paşinyanın qarşısında dayanan ən aktual məsələdir. Bu baş verməsə Paşinyan düşündüyü islahatları apara bilməyəcək. Əks təqdirdə Paşinyan Xankəndində inqilab etmək barədə düşünür. Artıq erməni mətbuatı Bako Saakyanın korrupsiya və rüşvətə bulaşdığı barədə yazılar yazmağa başlayıblar. Paşinyanın bu səfərində barışıq əldə olunmayacaqsa Xankəndində Bako Saakyana qarşı mitinqlər təşkil edərək onu hakimiyyətdən uzaqlaşdırmaq cəhdləri olacaq. Bu vəziyyətdə Rusiyanın atacağı addımlar gözlənilməz nəticələr törədə bilər".