“Putinin Azərbaycana səfəri münasibətlərin inkişafında yeni mərhələ olacaq” Siyasət

“Putinin Azərbaycana səfəri münasibətlərin inkişafında yeni mərhələ olacaq”

"Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana səfəri həm, siyasi həm də iqtisadi xarakter daşıyır". Bu fikirləri Milli Məclisin deputatı Azər Badamov deyib. Rusiyanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətindəki fəaliyyətinə toxunan deputat söyləyib ki, bu səfərlər Dağlıq Qarabağ münaqişəsinin həllinə də öz təsirini göstərəcək: "Bildiyiniz kimi, bir müddət bundan öncə Azərbaycan Prezidenti İlham Əliyev Soçiyə səfər etmişdi. İndi isə Rusiya dövlət başçısı Azərbaycana gəlib. Qarşılıqlı səfərlər ölkələr arasında əməkdaşlığın gücləndirilməsinə xidmət etməklə yanaşı, problemin həllində vasitəçi olan Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı fəaliyyətinə öz töhfələrini verə bilər".
A.Badamov bildirib ki, Rusiya prezidentinin Azərbaycana səfəri çərçivəsində Bakıda keçirilən IX Azərbaycan-Rusiya Regionlararası Forumu iki ölkə arasında mövcud olan biznes strukturlarının bir-birinə yaxınlaşması istiqamətində mühüm addımdır: "Yəni, forumun keçirilməsi, prezidentlərin burada iştirakı və forumdan əldə olunacaq nəticələrin yüksək olacağına işarədir".
Forumun hər iki ölkənin iqtisadi inkişafı üçün böyük əhəmiyyət kəsb etdiyini qeyd edən deputat vurğulayıb ki, Rusiya dövlət başçısının Azərbaycana səfəri bu münasibətlərin inkişafında yeni mərhələ olacaq".