“Bütün sahələrdə qadınların hüquqlarının qorunması üçün imkanlar yaradılıb” Siyasət

“Bütün sahələrdə qadınların hüquqlarının qorunması üçün imkanlar yaradılıb”

Dayanıqlı inkişaf mövcud olan resursların bugünkü nəsillər tərəfindən səmərəli şəkildə istifadə edilərək gələcək nəsillərə ötürülməsidir.
Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Dayanıqlı İnkişafa dair Bakı Forumu çərçivəsində "Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsində gənclər, qadınlar, parlament, vətəndaş cəmiyyəti və digər maraqlı tərəflərin rolu barədə interaktiv müzakirə" panelində çıxışı zamanı deyib.
H.Hüseynova bildirib ki, Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün bütün ölkələr öhdəliklər qəbul edib, lakin zaman çox azdır: "Biz düşünməliyik, necə edək ki, bu məqsədlərə nail olaq. Hər bir ölkə çalışır ki, BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərində göstərilən 17 məqsədə çatsın, lakin bu, təbii sərvətlər, insan resursları və digər imkanlardan asılıdır".
O qeyd edib ki, bu gün Azərbaycanda institusional səmərəliliyin artırılması və ölkə əhalisinin keyfiyyətli xidmətlə təmin olunması istiqamətində mühüm addımlar atılıb: "Eyni zamanda, əhalinin məşğulluğu, sosial təminat sahəsində vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi istiqamətində müxtəlif proqramlar həyata keçirilir. Gender məsələləri hədəflərə çatmaqda əhəmiyyətli rol oynayır. Burada bütün maraqlı tərəflərin iştirakı çox vacibdir. Azərbaycanda güclü hüquqi qanunvericilik bazası yaradılıb. Bütün bunlar Azərbaycanın mədəni, ictimai-siyasi həyatında qadınların rolunun artırılmasında mühüm töhfə verib, bütün sahələrdə qadınların hüquqlarının qorunması üçün geniş imkanlar yaradıb".
H.Hüseynova əlavə edib ki, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti bu gün də davam edir, 20 faiz torpaqlarımız işğal altındadır, bir milyondan artıq qaçqın və məcburi köçkünümüz var: "Azərbaycan dövləti onların sosial vəziyyətinin yaşılaşdırılması istiqamətində lazımi addımlar atır, onların yaşadığı psixoloji təsirləri aradan qaldırmaq üçün çox işlər görülməlidir".