Bütün şəhid ailələri birdəfəlik müavinət alacaqlar Siyasət

Bütün şəhid ailələri birdəfəlik müavinət alacaqlar

Prezident İlham Əliyev "Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 aprel tarixli 1 nömrəli fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.
Dəyişikliklərə əsasən, fərmanın adına və 2-ci hissəsinə "hərbi qulluqçuların" sözlərindən sonra "və daxili işlər orqanları əməkdaşlarının" sözləri əlavə edilir; preambulanın dördüncü abzasına "hərbi qulluqçuların" sözlərindən sonra ", eləcə də daxili işlər orqanları əməkdaşlarının" sözləri əlavə edilir; 1-ci hissəyə "vərəsələrinə" sözündən əvvəl "və daxili işlər orqanları əməkdaşlarının" sözləri, "ödəmə" sözündən sonra "(bundan sonra – birdəfəlik ödəmə)" sözləri əlavə edilir; 1.5. 3.1-ci, 3.2-ci, 6.2-ci və 6.6-cı bəndlərə "hərbi qulluqçunun" sözlərindən sonra "və ya daxili işlər orqanları əməkdaşının" sözləri əlavə edilir;
4-cü hissə aşağıdakı redaksiyada verilir:
"4. Birdəfəlik ödəmə həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman həlak olması, ölməsi və ya xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilməsi ilə əlaqədar barəsində sığorta ödənişinin verilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə aktı olmayan, habelə 11 000 manat məbləğində (qanunvericiliklə müəyyən edilmiş məcburi ödənişlər nəzərə alınmaqla) sığorta ödənişi almamış hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının vərəsələrinə verilir.";
Aşağıdakı məzmunda 5-1-ci hissə əlavə edilir:
"5-1. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş daxili işlər orqanları əməkdaşlarının siyahısını 2019-cu il fevralın 15-dək müəyyən edib Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim etsin.".
Nazirlər Kabinetinə Azərbaycan Respublikası Prezidentinin aktlarının bu fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etmək; Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Prezidentinə məlumat vermək; mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə beş ay müddətində Azərbaycan Prezidentinə məlumat vermək; bu fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.
Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu fərmana uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verəcək.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Daxili İşlər Nazirliyi və Maliyyə Nazirliyi bu fərmandan irəli gələn məsələləri həll edəcəklər.