“Zurabişvili Bakıdan yüksək əhval-ruhiyyədə qayıdıb” Siyasət

“Zurabişvili Bakıdan yüksək əhval-ruhiyyədə qayıdıb”

"Gürcüstan prezidenti xanım Salome Zurabişvili Bakıdan yüksək əhval-ruhiyyə ilə ölkəsinə qayıdıb. Azərbaycan prezidenti cənab İlham Əliyev və birinci vitse-prezident hörmətli Mehriban Əliyeva tərəfindən çox yüksək səviyyədə qarşılanıb".
Bunu açıqlamasında "Gürcü arzusu" partiyasında təmsil olunan azərbaycanlı deputat Ruslan Hacıyev Gürcüstan prezidentinin Bakı səfərini şərh edərkən deyib.
Azərbaycanlı deputat bundan sonra iki ölkə arasında diplomatik əlaqələrin daha da möhkəm olacağını qeyd edib:
"Gürcüstan prezidenti Azərbaycanda böyük sevgi ilə qarşılanıb. Bu, Gürcüstana və onun başcısına göstərilən ən yüksək hörmət və diqqətin göstəricisidir. Gürcüstan və Azərbaycan hər zaman olduğu kimi, dost və qardaş dövlətlərdir. Bu, tarixən belə olub. Eyni zamanda, iki ölkə arasındakı münasibətlər yeni prezident seçilən xanım Salome Zurabişvilinin prezidentliyi zamanında daha da güclənəcək. Yaşasın Gürcüstan və Azərbaycan dostluğu!".
Qeyd edək ki, fevralın 27-də Gürcüstan prezidenti xanım Salome Zurabişvili Azərbaycana səfər edib. Dövlət başçısının başçılıq etdiyi nümayəndə heyətinə Gürcüstanın Prezident Administrasiyasının üzvləri və digər rəsmi şəxslər daxil olub.