Politoloq: Müharibə təkcə səngərdə getmir... Siyasət

Politoloq: Müharibə təkcə səngərdə getmir...

Prezident İlham Əliyevin çıxışındakı əsas məqam 2016-cı ilin aprelində, həmçinin Naxçıvan Muxtar Respublikasında keçirilən əməliyyatlarda Azərbaycan ordusunun hansı gücə malik olmasını bir daha yada salmaq idi.

Bu sözləri Axar.az-a politoloq Arzu Nağıyev Prezident İlham Əliyevin 28 May - Respublika Günü ilə bağlı təşkil olunan rəsmi qəbulda çıxışı zamanı səsləndirdiyi çıxışı şərh edərkən deyib.

O bildirib ki, Azərbaycan ötən il Naxçıvanda keçirilən hərbi əməliyyatlarda öz gücünü düşmənə göstərdi və bundan sonra da lazım gələrsə, yenidən göstərməyə qadirdir:

“ATƏT-in Minsk Qrupunun həmsədrləri münaqişənin sülh yolu ilə həll edilməsini dəfələrlə bəyan edir. Lakin bu bəyanatlar dekorativ sözlərdən başqa bir şey deyil. Çünki Ermənistan tərəfi özünü qeyri-konstruktiv aparır. İstənilən danışıqlardan öncə onlar müəyyən təxribatlara əl atır. Buna görə də münaqişənin həlli yollarından biri kimi hərbi variant gündəmdə qalır. Müharibə tək səngərlərdə deyil, eyni zamanda diplomatik sahədə, həmçinin informasiya müstəvisində də gedir. Azərbaycan 2016-2018-ci illərdə Ağdərə, Füzuli və Cəbrayıl istiqamətlərində öz gücünü bir daha göstərdi və yenidən göstərməyə də hazırdır. Biz öz ərazilərimizi işğaldan azad etməklə heç kimə müharibə elan etmirik. Sadəcə öz ərazilərimizdə antiterror əməliyyatları keçiririk. Bunun da qarşısını heç bir xarici qüvvə ala bilməz. Çünki BMT-nin qəbul etdiyi qətnamələrdə bu ərazilər Azərbaycan torpaqları olaraq təsdiq edilib və biz torpaqlarımızı işğaldan azad etmək üçün istənilən hərbi əməliyyat keçirə bilərik. Bunu da Prezident İlham Əliyev bir daha öz çıxışında qeyd elədi”.