Prezidentdən tarixi addım – Millət vəkili yazdı Siyasət

Prezidentdən tarixi addım – Millət vəkili yazdı

İlham Əliyevin Türkiyə vətəndaşlarına vizanı ləğv etməsi ilə bağlı cəsur jesti hər cür alqışlanası, təqdir olunası tarixi qardaşlıq addımıdır. Gəliş-gediş üçün viza qonağa, dosta, əcnəbiyə verilə bilər. Qardaş qardaşa evinə gəlib getməyə viza verməz, verməməlidir.
Bu sözləri Fazil Mustafa Prezident İlham Əliyevin Türkiyə vətəndaşlarına vizanın ləğv etməsi ilə bağlı tapşırığına münasibət bildirən millət vəkili Fazil Mustafa qeyd edib. O bildirib ki, bu, böyük əhəmiyyət daşıyan tarixi qərardır:
“Bu, Bakının işğaldan azad olunmasının 100 illiyi ilə bağlı Bakıda iki qardaş ölkənin prezidentlərinin iştirakı ilə paradın keçirilməsindən sonra hədsiz sevindiyim ikinci hadisədir. Həmin parad ona görə önəmli idi ki, bizim dövlət müstəqilliyimiz üçün canından, qanından keçmiş Nuri Paşa komandalığındakı qəhrəman türk əsgərinin qarşısında bir vəfa borcumuzu mütləq qaytarmalıydıq. Məhz bunun adı qardaşlıqdır, məhz bunun adı əhdə vəfadır!
Unutmayaq, enində-sonunda bizim yenə də taleyimiz “Siam əkizləri” kimi Türkiyə ilə birliyimizdən asılı olacaq. Azərbaycan Prezidentinə bu anlamlı, milli maraqlarımıza uyğun və cəsur addımına görə minnətdarlığımı bildirirəm. Türkiyə ilə qardaşlığımıza töhfə verən hər addım alqışlanmağa layiqdir”.
Qeyd edək ki, Prezident İlham Əliyevin qərarı ilə sentyabrın 1-dən Türkiyə vətəndaşları Azərbaycana vizasız səyahət edə biləcəklər.