“Ermənistan işğal etdiyi rayonları qaytaracaq” Siyasət

“Ermənistan işğal etdiyi rayonları qaytaracaq”

Sergey Markov: "Soçidəki danışıqlar Qarabağda status-kvonun dəyişdirilməsinə başlanıldığına dəlalət edir"

Rusiya Federasiyasının İctimai Palatasının üzvü Sergey Markov Azərbaycan və Ermənistan prezidentlərinin Soçi görüşünün yekunlarına münasibət bildirib. O, görüşün pozitiv olduğu qənaətindədir.
"Azərbaycan və Ermənistan rəhbərlərinin görüşməsi faktının özü münaqişənin hərbi gərginliyə yol vermədən, problemi müzakirə etməyin mümkün olduğu çərçivədə diplomatik yolla həlli formatına qaytarılmasına şahidlik etməsi baxımından pozitivdir.
Ehtimal edilir ki, danışıqların əsas yekunu Dağlıq Qarabağ rayonunda hərbi gərginliyin yaxın vaxtlarda azalması olacaq. Onu da qeyd etmək lazımdır ki, danışıqların güclü iqtisadi səbəbləri var. Rusiya prezidenti Vladimir Putin hər iki ölkə başçısına - İlham Əliyev və Serj Sarksyana Rusiyanın sanksiya əleyhinə qəbul etdiyi tədbirlər nəticəsində boş qalmış ticarət yerlərini öz məhsulları ilə əvəz etmələrini təklif edib. Azərbaycan və Ermənistan bu hansı itirməməlidirlər. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin özünə gəldikdə isə, münaqişənin gərginləşməsinin əsas faktoru Dağlıq Qarabağın hazırkı vəziyyətinin qüvvələrin 20 il əvvəl - Ermənistanın güclü olduğu vaxtdakı vəziyyətlə qarşılıqlı nisbəti əks etdirməsidir.
İndi isə vəziyyət dəyişib. Azərbaycanın hərbi və iqtisadi qüvvəsi son illər ərzində kəskin şəkildə artıb və onun rəhbərliyi regiondakı vəziyyətin qüvvələrin yeni nisbətinə münasib olmasını istəyir.
Hətta təkcə iqtisadi aspekti əsas götürsək belə, Azərbaycanın ümumdaxili məhsulunun (ÜDM) həcmi Ermənistanınkından çoxdur.
Beynəlxalq Valyuta Fondunun məlumatına əsasən, Azərbaycanın ÜDM-i 76 milyard dollar təşkil edir, Ermənistanda isə bu məbləğ 10 milyard dollardır.
Azərbaycan, hər şeydən əvvəl, Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ ətrafındakı yeddi rayonu qaytarmağa çalışır.
Azərbaycanın güclənməsi Dağlıq Qarabağın statusunun dəyişməsinə gec-tez təsir göstərəcək. Burada blokadanın aradan qaldırılması qarşılığında ərazilərin dəyişdirilməsi də bir variant kimi irəli sürülə bilər. Ermənistan Qarabağa bitişik rayonları Azərbaycan və Türkiyə tərəfindən blokadasının aradan qaldırılması əvəzində tədricən Azərbaycana qaytaracaq".