Ermənistanın öz itkilərini gizlətməsinin bir neçə səbəbi var - Hərbi ekspert Siyasət

Ermənistanın öz itkilərini gizlətməsinin bir neçə səbəbi var - Hərbi ekspert

Ermənistanın öz itkilərini gizlətmək niyyətinin bir neçə səbəbi var. Erməni cəmiyyətində bu müharibənin onlara heç nə vermədiyi artıq aydın olub.

Bunu açıqlamasında hərbi-siyasi icmalçı Ramil Məmmədli deyib.

Onun sözlərinə görə, bu səbəbdən də sadə ermənilər övladlarının Azərbaycan hərbçisinin atdığı atəşdən ölməsinin əleyhinə olduqlarını dəfələrlə açıq şəkildə bildiriblər: "Lakin işğal siyasəti ilə hakimiyyətdə qalan cinayətkar qruplar "Qarbağ kartı"ndan istifadə etməkdə davam edirlər. Məhz bu qruplar da cəmiyyətin onlara qarşı nifrətinin alovlanmaması üçün ordu-xalq münasibətini qapalı saxlayırlar. Yaxşı bilirlər ki, kütləvi şəkildə ölən hərbçilərin ictimaiyyətə açıqlanması ölkədə hakimiyyət əleyhinə - ordu komandanlığına qarşı etirazlara və yekunda iğtişaşlara gətirib çıxara bilər. Bundan sonra isə ordu komandanlığına qarşı etibarsızlıq yaranar və bu da ciddi fəsadlara yol açar".

Ekspert deyir ki, digər tərəfdən, Ermənistan itkiləri azaltmaqla və gizlətməklə Azərbaycan Ordusunun qarşısında məğlub durumda olduğunu etiraf etməkdən çəkinir: "Ancaq Ermənistan kiçik ölkədir və cəmiyyətdə heç də hər dəfə itkiləri gizlətmək mümkün olmur. Məsələn, Tovuz istiqamətində Azərbaycan Ordusunun həyata keçirdiyi əməliyyatda ölən erməni hərbçilərinin sayı haqda sosial şəbəkələrdə kifayət qədər məlumata rast gəlmək mümkün idi. Təbii ki, Ermənistan rəhbərliyi bunu etiraf etməyəcək. Ölən hərbçilər ailələrinə mərhələli şəkildə veriləcək ki, kütləvi gərginlik yaşanmasın".