Vüqar Rəhimzadə: Azərbaycanda heç kəs qanundan üstün deyildir və qanunun aliliyinin qarantı Prezidentimizdir Siyasət

Vüqar Rəhimzadə: Azərbaycanda heç kəs qanundan üstün deyildir və qanunun aliliyinin qarantı Prezidentimizdir

“Cənab Prezident İlham Əliyev keçirdiyi iclaslarda, müşavirələrdə dəfələrlə bildirib ki, hazırda pandemiya şəraitində yaşayırıq və bütün fəaliyyətimiz bu dövrün qanunlarına, qaydalarına uyğun şəkildə olmalıdır. Dövlət başçısı dəfələrlə vəzifəsindən, statusundan asılı olmayaq hər bir kəsi qanunlara riayət etməyə çağırıb, mövcud qaydaları pozanların cəzalandırılmasını tələb edib. Ona görə də heç kəs unutmamalıdır ki, Azərbaycan hüquqi dövlətdir, ölkəmizdə qanunun aliliyi bərqərar olub, heç kim qanundan üstün ola bilməz, hamı qanun qarşısında bərabərdir və öz hərəkətlərinə görə məsuliyyət daşıyır.”

Bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında söyləyib.

Vüqar Rəhimzadə bildirib ki, Azərbaycanda əhalinin sağlamlığının qorunması və təhlükəsizliyinin təmin edilməsi məqsədilə bir çox məhdudiyyətləri nəzərdə tutan xüsusi karantin rejimi tətbiq olunub və Nazirlər Kabineti yanında Operativ Qərargah da koronavirusa yoluxma və sağalma hallarında müsbət dinamikanı nəzərə alaraq avqustun 10-dan yumşaldıcı tədbirlərin tətbiq edilməsi barədə qərar qəbul edib. Lakin koronavirusla mübarizəyə ciddi təhdid yaratdığına görə kütləvi tədbirlərin, o cümlədən yas və toy mərasimlərinin keçirilməsinə qadağa qüvvədə saxlanılıb: “Bu səbəbdən də bu günə kimi daxili işlər orqanları xüsusi karantin rejiminin tələblərini pozaraq əyləncə təşkil edən, toy, yas və s. mərasimləri keçirən çoxlu sayda şəxsi məsuliyyətə cəlb edib. Lakin bu günlərdə bəzi vəzifəli şəxlərin, məmurların mövcud karantin rejiminin qaydalarını pozaraq müxtəlif toy mərasimləri təşkil etmələrinə dair məlumatlar haqlı olaraq cəmiyyətin hiddətinə səbəb olub və ciddi ictimai qınağa məruz qalıb. Heç kəs unutmamalıdır ki, kimliyindən asılı olmayaraq hər kəs qanun qarşısında bərabərdir və əgər yüksək rütbəli məmurlar, vəzifə sahibləri belə qanunvericiliyin tələblərini, karantin qaydalarını pozurlarsa, hüquq- mühafizə orqanları mütləq ölçü götürməlidirlər, götürürlər də. Artıq hüquq - mühafizə orqanları, məhkəmələr və digər aidiyyəti qurumlar bu günlərdə toy mərasimi təşkil edən AMEA-nın prezidenti Ramiz Mehdiyevin kürəkəni, sabiq millət vəkili İlham Əliyevi və onun qudası Rövşən Mustafayevi məhkəmə qaydasında cəzaya məhkum ediblər.”

“Azərbaycan Prezidenti ölkədə qanunun aliliyinin qarantıdır, hər kəsin qanun qarşısında məsuliyyəti və cavabdehliyi ali iradənin tələbidir” deyən Vüqar Rəhimzadə əlavə edib ki, heç bir vəzifəli şəxs öz statusundan istifadə edərək qanunları poza, mövcud karantin rejiminin tələblərinə hörmətsiz yanaşa bilməz: “Belə şəxslər də müəyyən olunduqda mütləq şəkildə məsuliyyətə cəlb edilirlər, onların barəsində cəza tədbirləri görülür və qarşıdan gələn dövrdə bu tədbirlər daha da sərtləşdiriləcək. Bu səbəbdən də hər bir şəxs karantin rejiminin davam etdiyi dövrdə mövcud reallığı, qanunların aliliyini, Azərbaycan Prezidentinin mövqeyini və ali iradəsini əsas götürməli və başa düşməlidir ki, qanun pozuntusuna görə mütləq şəkildə cavab verməli olacaq. Çünki koronavirusla mübarizə ümummilli məsələdir, heç kim şəxsi mənafeyi naminə, tutduğu mövqeyə, vəzifəsinə görə insanların həyatını təhlükəyə ata və onların sağlamlığına zərər vura bilməz. Bu reallığı hamı, həmçinin ölkədə yüksək və məsul vəzifə daşıyan şəxslər də bilməli və başa düşməlidirlər ki, baş verənlərə görə hüquqi və mənəvi məsuliyyət daşıyırlar.”