“Qərarların qəbul edilməsi bilavasitə İsa Qəmbərin iradəsinə tabedir” Siyasət

“Qərarların qəbul edilməsi bilavasitə İsa Qəmbərin iradəsinə tabedir”

Qabil Hüseynli: "Yəni Arif Hacılının başqanlığı formal xarakter daşıyır"

Səxavət Əlisoy: "Özünə hörmət qoyan hər hansı bir şəxs Müsavat partiyasında, Hacılı başqanlığında qalmayacaq"

"Mən hər zaman demişəm ki, hazırda Müsavat Partiyasında başqan Arif Hacılı olsa da qərarların qəbul edilməsi bilavasitə İsa Qəmbərin iradəsinə tabedir. Yəni Arif Hacılının başqanlığı formal xarakter daşıyır". Bu fikirləri politoloq, Müsavat Partiyasının keçmiş başqan müavini Qabil Hüseynli deyib. Qabil Hüseynli qeyd edib ki, Müsavatda bir çoxları hələ də İsa Qəmbəri özünün lideri hesab edir: "Bu baxımdan da hesab edirəm ki, partiyadakı mövcud vəziyyət dəyişməyənə qədər növbəti istefalar qaçılmaz olacaq". İsa Qəmbərin yenidən Müsavat Partiyasının başqanı olacağı təqdirdə vəziyyətin dəyişə biləcəyi fikirlərinə də münasibətini açıqlayan politoloq deyib ki, əgər İsa Qəmbər yenidən başqan olarsa, bu heç nəyi dəyişməyəcək: "Çünki artıq gedən gedib, qopan qopub. Qatar artıq getdi. Müsavat artıq kiçik bir partiya halını alıb ki, İsa Qəmbər bunun qarşısını ala bilməyəcək. Hər gün bu və ya digər formada təzyiqlə üz-üzə qalan müsavatçılar qırğın-davayla, təhqirlə, söyüşlə oradan canlarını qutarıblarsa, yenidən dönə bilərlərmi? Təbii ki, mümkünsüzdür".
Azərbaycan Demokratiya və Rifah hərəkatının (ADR) İdarə heyətinin üzvü Səxavət Əlisoy isə deyib ki, bu gün Arif Hacılının partiyasında qalmaqda davam edən insanlarda artıq oyanma prosesi baş verir. ADR rəsmisinin sözlərinə görə, partiyada olan insanlar oyandıqca, dərk etdikcə saxtakar Arif Hacılının ətrafından da çəkiləcəklər: "Bu gün Müsavat Partiyasında vəsiqə alveri ortada olduğuna görə, orada olan insanlar həmin hadisəni ağrılı qəbul edirlər və öz ləyaqətlərinə sığışdırmırlar. Təbii ki, bu proses davam edəcək. Parlament seçkiləri ərəfəsində A.Hacılının bütün sifətləri tam eybəcərliyi ilə ortaya çıxacaq. Özünə hörmət qoyan hər hansı bir şəxs Müsavat Partiyasında, Hacılı başqanlığında qalmayacaq".

Əli