İşğalçı orduda acınacaqlı durum – Faktlar Layihə

İşğalçı orduda acınacaqlı durum – Faktlar

İşğalçı Ermənistan ordusunda yaranan acınacaqlı durum orduda xidmət edən əsgər və zabit heyətini, eləcə də onların valideynlərinin narazılıq və etirazlarına səbəb olub. Orduda intihar, fərarilik, korrupsiya, ölüm, zabitlərin özbaşnalıq hallarının artması ölkənin bataqlıqda olduğunun göstəricisidir.
Təkcə 2019-ci ilin fevralın 1-dən 28-nə kimi Ermənistan ordusunda qeydə alınan itki, yaralanma, qəza, korrupsiya və fərarilik faktı ilə bağlı hadisələrin hesabatına nəzər yetirdikdə ermənilərin acınacaqlı və dözülməz durumda olduğunu görərik.
Fevral ayının nəticələrinə görə, Ermənistan ordusunda 3 ölüm hadisəsi qeydə alınıb ki, onlardan 1-qəsdən öldürmə, 1-i xəstəlik, 1-i isə suda boğulma nəticəsində baş verib. Düşmən ordusunda bu ayın rəsmi və qeyri-rəsmi statistikasına əsasən, 10 düşmən hərbçisi (8-i döyülmə, 1-i qəza, 1-i isə ağacdan yıxılma) yaralanıb. Bununla yanaşı, ən azı 2 fərarilik, 1 intihara cəhd, 1 zorlama və 1 korrupsiya faktı da aşklarlanıb.
Məsələn iki gün öncə Ermənistan ordusunda dinc dövrdə ölən hərbçilərin anaları dünən təkrarən Ermənistan hökuməti binası qarşısında etiraz aksiyası keçiriblər.
Onlar Ermənistanın Baş naziri Nikol Paşinyanla görüş tələb ediblər.
Yaxın gələcəkdə dinc dövrdə orduda ölən erməni hərbçilərlə bağlı 5 qalmaqallı cinayət işlərinə yenidən baxılacağına dair hökumətin açıqlama verməsinə baxmayaraq, ölən hərbi qulluqçuların anaları hesab edir ki, uzun illər keçən cinayət işlərinin istintaqı müstəntiqlər tərəfindən ədalətli həll edilə bilməyəcək.
Dinc dövrdə ölən hərbi qulluqçu Valerik Muradyanın anası Nana Muradyana İstintaq komitəsində müstəntiq bildirib ki, 9 il sonra sübutlar məhv edildiyindən cinayət işinin üstünün açılması çətindir.
"9 il keçib. İlkin izlər itirilib, əşya sübutlar məhv edilib, iş qarışıq hala düşüb. 9 il sonra mən bu işi necə araşdırım?", - deyə o müstəntiqin sözlərini xatırladaraq etiraz edib.
Nana Muradyan təkid edir ki, cinayət işini araşdıran birinci müstəntiq Apresyanı cinayəti gizlətməsinə görə cinayət məsuliyyətinə cəlb etməlidirlər.
Ordu.az-ın verdiyi məlumata görə, 7 fevralda Ermənistanın Araqatsotn vilayətində avtoqəza baş verib.
Aştarak şəhər sakini 27 yaşlı Mnatsakan Muradyan idarə etdiyi "Vaz-2016" markalı avtomobillə Aşatarak səhər küçələrindən birində 10 yaşlı P. Narek adlı uşağı vurub.
Məlumata görə, M. Muradyan Ermənistan Müdafiə Nazirliyinin "N" nömrəli hərbi hissəsində qulluq edir.
Qəzanın səbəbi isə uşağın topla oynayarkən, topun yola düşməsi və onun topun dalınca qaçarkən baş verməsi olub. Xəstəxanadan qəzada xəsarət alan uşağın vəziyyətinin ağır olduğu bildirilir.
İki gün sonra Araqatsotn vilayətində növbəti avtoqəza baş verib.
Həmin vilayətin Nor Edesia kənd sakini 45 yaşlı Artyom Hovhannisyan idarə etdiyi "X Trail" markalı avtomobili ilə İrəvan-Gümrü yolunda İrəvan istiqamətinə hərəkət edərkən yolun hərəkət hisəsindən çıxaraq, bir neçə beton maneəyə çırpılıb və yuvarlanaraq sahəyə düşüb.
Məlumata görə, hadisə nəticəsində 1 nəfər ölüb, 4 nəfər isə yaralanaraq Talin şəhər tibb mərkəzinə təxliyyə edilib. Daha sonra sürücü Artyom Hovhannisyan İrəvandakı "Armenia" tibb mərkəzinə köçürülüb. Hadisə yerində ölən Nor Edesia kənd sakini 45 yaşlı Alvard Bağdasaryandır.
Şahidlərin sözlərinə görə, sürücü 45 yaşlı Artyom Hovhanisyan Ermənistan Müdafiə Nazirliyində qulluq edir. Ölən və aralarında uşağın da olduğu yaralılar onun qohumlarıdır.
11 fevralda Ermənistan ordusunun hərbi hissələrindən birində qulluq edən müqaviləli hərbi qulluqçu ölüb.
Məlumata görə, 18.10. 1985-ci il təvəllüdlü, müqaviləli erməni hərbi qulluqçu Mesrop Rubik Qriqoryan odlu silah yarasından ölüb.
Qeyd edək ki, 1985-ci il təvəllüdlü Mesrop Rubikoviç Qriqoryan müddətdən artıq xidmət edən hərbi qulluqçunun açdığı atəş nəticəsində həlak olub. Bildirilir ki, Qriqoryanla əsgər arasında mobil telefona görə, mübahisə yaranıb və hadisə ölümlə nəticələnib. Qriqoryan əsgərin əlindən mobil telefonu aldıqdan sonra əsgərin onu geri tələb etməsilə mübahisə yaranıb. Sosial şəbəkələrdə erməni istifadəçilərin yaydığı məlumata görə, Mesrop Qriqoryan zabitdir.
Növbəti gün Ermənistanın işğal altında olan Qarabağda dislokasiya olunmuş qanunsuz hərbi hissələrindən birində qulluq edən erməni əsgər ölüb.
Qarabağ şimal-şərq istiqamətində dislokasiya olunan qanunsuz erməni hərbi birləşmələrindən birinin hərbi qulluqçusu, 2000-ci il təvəllüdlü Frunzik Valerioviç Tamazyan qaraciyər çatışmazlığı, kəskin ürək çatışmazlığı diaqnozu ilə olduqca ağır vəziyyətdə Ağdərədəki hərbi hospitala təxliyyə edilib.
Həkimlərin səylərinə baxmayaraq saat 20:30 radələrində erməni hərbi qulluqçu ölüb.
15 fevralda Ermənistan silahlı qüvvələrinin bölmələrində qeyri-döyüş itkilərinin sayı artmaqdadır.
Ağdərə ərazisində xidmət edən düşmən ordusunun əsgəri Sos Mekumyan, zabitin şəxsi həyətində işləyərkən ağacdan yıxılıb.
Ağacların quru budaqlarını kəsməklə məşğul olan, 1995-ci il təvəllüdlü hərbi qulluqçu çoxlu sayda sınıqlarla xəstəxanaya aparılıb.
***
Nizamnamədən kənar münasibətlər zəmnində cinayətlərin sayı çoxalmaqda davam edir.
Qeyri-döyüş şəraitində ağır xəsarət alan erməni əsgəri Norayr Malkosyan İrəvanın "Kanaz" adlandırılan qarnizon hərbi hospitalına aparılıb.
Əsgər özünə gəldikdən sonra müstəntiqlər onunla söhbət edə biliblər. Onun izahatından məlum olub ki, hərbi qulluqçu xidmət yoldaşları tərəfindən vəhşicəsinə döyülüb.
Hadisə ilə bağlı hərbi qulluqçular, Arman Qazaryan, Aren Yeğizaryan, Davit Lalayan və Zorik Antonyan istintaqa cəlb olunublar.
***
Ermənistan silahlı qüvvələrinin bölmələrində baş alıb gedən özbaşınalıq səbəbindən erməni əsgərlər "dedovşina"nın qurbanı olurlar.
Eyni gündə düşmən ordusunun beşinci və yeddinci dağ atıcı alaylarında nizamnamədən kənar münasibətlər zəmnində analoji iki cinayət hadisəsi baş verib.
Zabitin təhqirlərindən bezən çavuş Hovanesyanla, bölük komandiri Sevaq Qazaryan arasında baş verən mübahisə nəticəsində zabit kəllə-beyin travması alıb.
Yeddinci dağ atıcı alayında isə bölmənin çavuşu Sarkisyanla əsgər Hunanyan arasında baş verən davada çavuş gözündən xəsarət alıb.
Hər iki hərbçi hospitala təxliyə edilib.
***
Havaların soyuması ilə bağlı əsgərlər arasında xəstəliklərin artması kütləvi hal alıb.
6-cı dağ atıcı alayın 11 nəfər gənc əsgəri tibb məntəqəsində pnevmoniyadan müalicə alır.
Hərbi hissənin əsgəri Andranik Tiqranyan isə ağır vəziyyətdə Ağdərə hərbi hospitalının reanimasiya şöbəsinə yerləşdirilib.
İş o həddə çatıb ki, hərbi qulluqçular arasında xəstəliyin kəskin artması səbəbindən gənc əsgərlər üçün planlaşdırılan andiçmə mərasimi belə təxirə salınıb.
***
Orduda yerlibazlıq üstündə döyülərək xəsarət alanların sayının ardı-arası kəsilmir.
1998-ci təvəllüdlü, Ermənistandan hərbi xidmətə çağırılan Narek Armaqanyan qarbağlılarla Ermənistandan gələn hərbçilər arasında baş verən növbəti davanın qurbanı olub.
Madagiz hərbi polis rəisi Karen Beqleryanın tapşırığına əsasən, burnunun sınması və müxtəlif bədən xəsarətləri alması səbəbindən hospitala yerləşdirilən hərbi qulluqçu N.Armaqanyanın döyülmə faktının araşdırılması məqsədilə hərbi polisin müstəntiqi hərbi hissəyə ezam olunub.
19 fevralda orduda qeyri-döyüş şəraitində ölən və yaralananların sayının artması erməni ictimaiyyətində böyük narahatlığa səbəb olur.
Bir neçə gün öncə ön xətt mövqelərinin birində bunkerin yaxınlığında Artyom Babinyan soyadlı erməni hərbçisi qan içində huşsuz halda tapılıb.
İlkin versiyaya görə o xidmət yoldaşları tərəfindən vurulub. Hadisə ictimaiyyətdən gizlədilsə də polkovnik Armen Gözəlyanın tapşırığı ilə cinayət işi açılıb və istintaq davam edir.
***
Komandirlərin təqib və təzyiqləri səbəbindən hərbi xidmətdən yayınma halları artıq adi hala çevrilib.
Bu günlərdə 6-cı dağ atıcı alayın zabiti Tiqran Hovanisyan xidmətdən yayınmaq məqsədilə hərbi hissəni özbaşına tərk edib.
Zabitin geri qaytarılması üzrə axtarışlar nəticə verməyib. Lakin bir neçə gün sonra zabit özü Ağdərə hərbi polisinin əməkdaşı Levon Avanesyana təslim olub.
T.Hovanisyan izahatında hərbi hissəni məhz komandirlərinin təhqir və təqibləri üzündən özbaşına tərk etdiyini yazıb və əgər bu belə davam edərsə intihar edəcəyini də deyib.
Komandirlərin tabelikdə olan şəxsi heyətə qarşı yol verdiyi təhqir və təzyiqlər səbəbindən baş verən cinayət hadisələrinin sayı çoxalmaqdadır.
25 fevralda erməni zabit gənc əsgərlərlə keçirdiyi məşğələ zamanı söyüşlərə və təhqiramiz ifadələrə yol verib.
Münaqişə nəticəsində leytenant Edvard Mkrtçyanın təhqirlərinə dözməyən əsgər Vahen Martirosyan zabitə dəbilqə ilə zərbələr endirib. Halı pisləşən zabit hərbi hospitala yerləşdirilib.
27 fevralda Ermənistan silahlı qüvvələrinin bölmələrində nizamnamədənkənar münasibətlər nəticəsində baş verən cinayətlər üzündən qalmaqallar səngimək bilmir.
Bu günlərdə 5-ci dağ atıcı alayında xidmət yoldaşları tərəfindən vəhşicəsinə döyülən əsgər Tavşyanın cinsi zorakılığa da məruz qaldığı iddia edilir. Bu barədə əsgərin yaxınları tərəfindən prokurorluğa yazılan şikayət ərizəsində bildirilir. Hərbi prokurorluq zabit Ardak Xaçatryandan hadisə ilə bağlı rəsmi məktub tələb edib.
Hərbi hissə komandanlığı hər vəclə hadisənin mənfi təsirini yüngüləşdirmək məqsədilə cinsi zorakılığı ört-basdır etməyə çalışsa da, artıq Karlen Babayan və Navik Melyan adlı hərbçilərin istintaqa cəlb edildiyi məlum olub.

(Davamı var)