Güneyli fəallar barədə həbs qərarları qüvvədə saxlanıb Güney Azərbaycan

Güneyli fəallar barədə həbs qərarları qüvvədə saxlanıb

İranda Azərbaycan milli kimliyi uğrunda dinc mübarizə aparan Daryuş Əndəlibiyan, Həbib Mənafi Azər, Cavad Sudbər, Yusif Muxtari və Muxtar İbrahimiyə çıxarılan həbs qərarları qüvvədə saxlanıb.
"Media forum" saytı xəbər verir ki, adıçəkilən fəallar Seyid Cəfər Pişəvərinin başçılığı ilə 1945-ci ildə Güney Azərbaycanda qurulmuş Azərbaycan Milli Hökumətinin ildönümü münasibətilə 2013-cü ilin yanvarında Qoşaçayda (Miyandab) keçirilən bir toplantıda tutulublar. Məhkəmə Daryuş Əndəlibiyanı 9 ay, qalan fəalların isə hər birini 3 ay müddətinə azadlıqdan məhrum edib.
Az sonra azərbaycanlı fəallar mülk girovu qarşılığında şərti azadlığa buraxılsalar da, onlar həbs qərarlarının ləğv olunması üçün İranın Qərbi Azərbaycan əyalətinin apellyasiya məhkəməsinə şikayətlər veriblər. Apellyasiya məhkəməsi şikayətlərin heç birini təmin etməyib, azərbaycanlı fəallar barəsində ilkin məhkəmənin çıxardığı həbs qərarlarının hamısını qüvvədə saxlayıb.