“Artıq 3-cü ildi şikayət edirik ki...” İdman

“Artıq 3-cü ildi şikayət edirik ki...”

"Sumqayıt" klubunun baş məşqçisi Samir Abasovun apasport.az saytına müsahibəsi

- Azərbaycan Kubokunun 1/4 final mərhələsində "Qarabağ"la keçirəcəyiniz ilk oyun öncəsi komandada vəziyyət necədi?
- Hər şey qaydasında gedir, vəziyyət normaldı. Ancaq iki itkimiz var. Bunlar Cavid Tağıyev və Cavid İmamverdiyevdi. Tağıyev bu mərhələnin hər iki qarşılaşmasını buraxacaq. İmamverdiyev isə yalnız birinci oyunda bizimlə olmayacaq.
- Kubokda yenə qarşınıza "Qarabağ" çıxdı. Demək olarmı ki, bəxtiniz gətirmədi?
- Artıq 3-cü ildi şikayət edirik ki, kubokda qarşımıza "Qarabağ" çıxır. Digər tərəfdən, "Qarabağ" elə komandadı ki, kubokda axır-əvvəl qarşımıza çıxacaqdı. Əlbəttə ki, onlarla finalda üz-üzə gəlsəydik, daha yaxşı olardı. Ancaq nə edə bilərik? Özümüz çəkdiyimiz püşkdü. Başqa komanda da düşə bilərdi. Heç bir şikayətimiz yoxdu, qismətimiz budu. "Qarabağ"la düşməyimiz o demək deyil ki, uduzacağıq. İnşallah, iki oyunun nəticəsinə görə, sevinən tərəf biz olarıq.
- Ölkə çempionatında ilk yarını ürəyiniz istəyən nəticə ilə başa vurdunuz?
- Məncə, hamımızın ürəyincə oldu. Düzdü, bundan da yaxşı nəticə göstərə bilərdik. Ancaq qış fasiləsinə 4-cü pillədə yollanmağımıza sevinirik. Bunu qənaətbəxşdən də yaxşı göstərici sayıram.
- Necə düşünürsünüz, 3-cü pilləyə iddia edə biləcəksinizmi?
- Mütləq hədəf deyil, amma mümkün qədər irəliləməyə çalışacağıq. 3-cü yeri tutmaq da pis olmazdı. Ancaq ən azı hazırkı mövqeyimizi əldən verməmək barədə düşünürük.
- Qış fasiləsində heyətdə nə kimi dəyişikliklər etməyi planlaşdırırsınız?
- Komandanın çıxışını göz önünə gətirib deyə bilərəm ki, elə ciddi dəyişiklik olmayacaq. Çox güman ki, hazırkı komandanın 70-80 faizi bizimlə davam edəcək. Yeni transferlər barədə isə "Qarabağ"la kubok oyunlarından sonra ətraflı düşünmək olar.
- Bir müddət əvvəl həbs edilən və sonradan azadlığa çıxan Nicat Muxtarovla bağlı hansı qərarı verəcəksiniz?
- Klub bu məsələdə gözləmə mövqeyindədi. Muxtarovla bağlı qərar verildikdən sonra klub öz mövqeyini ortaya qoyacaq. Nicat hələlik bizimlə deyil, əsas komandada məşq etmir.
- Dekabrın 10-da "Pro" kursu çərçivəsində təcrübə keçmək üçün "Atletiko"nun düşərgəsinə yollanacaqsınız. Sizi daha çox yaradıcı və sürətli futbola üstünlük verən məşqçi kimi tanıyırıq. "Atletiko" isə dağıdıcı futbolla seçilir. Niyə məhz bu klubu seçdiniz?
- Açığı, elə geniş seçim imkanım da yox idi. Təcrübə keçmək üçün təklif olunan klublardan yalnız "Atletiko" variantı 100 faizli idi. Digərləri 50/50-yə idi. Yəni bizim istəyimizlə deyil. Biz Avropa üçün heç kim olduğumuz üçün seçə bilmirik. Bu, uzunmüddətli prosesdi. Ancaq bizdə vaxt azlığıdı. Gördüyümüz işləri fevral ayında kursu keçən müəllimlərə təqdim etməliyik. Açığı, "Atletiko" variantı mənə təklif ediləndə, sevinərək qəbul etmədim. Bir kəlmə ilə "hə" dedim. Klub rəhbərliyinə minnətdaram ki, bu səfərin baş tutması üçün əlindən gələni etdi. O ki qaldı "Atletiko"nun hansı taktikaya üstünlük verməsinə, bunu ora getdikdən sonra onların özlərindən eşitmək daha yaxşı olar.