Koalisiya üçün veriləcək qərarın tarixi bəlli oldu Dünya

Koalisiya üçün veriləcək qərarın tarixi bəlli oldu

Baş nazir CHP sədri ilə görüşüb

Cavid

Türkiyənin baş Naziri Əhməd Davudoğlu dünən koalisiya hökuməti qurmaq müddəti çərçivəsində CHP sədri Kamal Qılıncdaroğlu ilə görüşüb. Görüş tam 4 saat 20 dəqiqə davam edib. Terror aktları nəticəsində qanlı bir günə təsadüf edən görüşdən koalisiya qərarı çıxmayıb. Lakin danışıqların ikinci turunun da olması hələ koalisiya ümidlərinin tam ölmədiyini göstərir. Qılıncdaroğlunun birlikdə hökumət qurmaq üçün AKP-nin qarşısına qoyduğu əsas şərtləri sırasında xarici siyasət, iqtisadiyyat, təhsil, yeni konstitusiya və kürd problemi məsələlərində dəyişikliklər olub. Görüşdən sonra AKP tərəfindən jurnalistlərə verilən açıqlamada bildirilib ki, həftə sonuna kimi koalisiya ilə bağlı mütləq qərar veriləcək.
CHP tərəfi də həmçinin koalisiya hökuməti ilə bağlı həftə sonuna kimi qərar veriləcəyini açıqlayıb.
Milli Strateji Təhqiqatlar Mərkəzinin rəhbəri, siyasi şərhçi Natiq Miri AKP-CHP liderləri arasındakı görüşü şərh edərkən deyib ki, Davudoğlu ilə Kılıçdaroğlu arasındakı bu görüş kritik bir zamanda baş verdi. Bu baxımdan hər iki partiya proseslərə məsuliyyətli yanaşır. Gedişat Türkiyədə koalisiya hökumətinin qurulacağı təəssüratı yaradır. Politoloqun fikrincə, AKP-CHP arasında koalisiya hökuməti qurulması istiqamətində görüş MHP tərəfindən də müsbət qarşılanır. Siyasi ekspert koalisiya hökumətinin ömrünün AKP-nin Suriya siyasətindən asılı olacağını düşünür: "Türkiyənin son hadisələrin fonunda oturuşmuş hökuməti olmasa, qərarlar vermək mürəkkəbləşəcək. Nəzərə almaq lazımdır ki, həm AKP, həm CHP sosioloji sorğuların nəticələrinə istinad edir.
Hər iki partiya bu prosesdə siyasi ambisiyalarından Türkiyə naminə vaz keçməsələr, erkən seçkidə ciddi elektorat itirmiş ola bilərlər. Bu mənada görüş öncəsindən artıq AKP-CHP cütlüyündən ibarət koalisiya hökuməti qurulduğu görünür".
Siyasi analitik erkən seçkidə AKP-nin təkbaşına iqtidar olacağını da güman etmir: "PKK və İŞİD-in eyni vaxtda Türkiyədə fəallaşması, terror ruzigarını əsdirməsi Ərdoğanın xarici siyasətinə ciddi təsir etdi. Bu hadisələr AKP üçün mənfi rəy yaradır ki, erkən seçkilərdə onların təkbaşına hakimiyyət olması inandırıcı görünmür".