Corc Soros Putini təhlükəli adam hesab edib Dünya

Corc Soros Putini təhlükəli adam hesab edib

"O, Avropa üçün İŞİD-dən də təhlükəlidir"

Cavid

Suriyaya dair aparılan danışıqların ilk cəhdinin baş tutmaması bəzi analitikləri bunun təsadüf olması və ya danışıqların aparılmasını təklif edən Rusiyanın qəsdən prosesi sabotaj etməsi üzərində düşünməyə vadar etdi. Bu danışıqlar zamanı Moskva bəzi avropalı siyasətçilər tərəfindən tənqidə məruz qalıb. Maliyyəçi, investor və xeyriyyəçi Corc Soros bu münasibətlə Rusiya prezidentinin həqiqətən nəyə nail olması və onun əsas motivlərinin nədən ibarət olması barəsində köşə yazısını təqdim edib. Məqalənin əsli ilə "Project Syndicate" saytında tanış ola bilərsiniz, biz isə bu məqalənin əsas məqamlarından bir neçəsini işıqlandırmaq istərdik.
ABŞ və Avropa İttifaqı Putin Rusiyasının "İslam dövlətinə" qarşı müharibədə onların müttəfiqi qismində çıxış edəcəyinə dair düşüncələrində yanılırlar. Soros hesab edir ki, Kremlin həqiqətən istədiyi yalnız Aİ-ın dağılmasıdır. Bu məqsədə çatmağın ən yaxşı üsulu Avropaya qaçqın axınını başlatmaqdır. Rusiyanın Suriyanı bombalaması və Bəşər Əsəd ordusunun yerüstü əməliyyatı məhz bu ideyaya xidmət edir.
Putin zəkalı taktikaçıdır, amma strateq deyil. Onun qaçqın böhranını gərginləşdirmək üçün əvvəlcədən Suriyaya getməsi bir o qədər də inandırıcı deyil, əslində, Yaxın Şərqdə müharibəyə müdaxilə etmək onun strateji səhvi idi, çünki bu, Türkiyə ilə münaqişənin yaranmasına səbəb oldu. Lakin Putin Avropa İttifaqının parçalanma prosesini sürətləndirmək imkanını gördükdə, bundan yararlanmaq qərarına gəldi.
Putin Rusiyası və Aİ zamanla qaçış yarışında iştirak edirlər:kim birinci yıxılacaq? Sorosun fikrincə, 2017-ci ildə Putin rejimini müflislik gözləyir. Rusiyanın bir çox beynəlxalq borclarının müddəti bitəndə, yaxud daha tez, məsələn, rusiyalılar hökümətin cəmiyyət qarşısında olan öhdəliklərini yerinə yetirmədiyini anladıqda və onların həyat səviyyələrinin minimuma enəcəyi zaman bunun baş verəcəyi gözlənilir. (Gəlirlərin enəcəyinə dair digər nəzər nöqtəsi də mövcuddur; eyni zamanda Mərkəzi Bankın statistikası 2017-ci ildə borclar üzrə dramatik ödənişləri göstərmir, bundan başqa, Rusiya hələlik borc səviyyəsini sürətlə azaldmaqdadır).
Rusiyada rejimin dağılmasının qarşısını almağın ən yaxşı üsulu Avropa İttifaqının daha tez dağılmasını təmin etməkdir. Bu zaman sanksiyalar ləğv olunacaq, Putin isə vahid Avropaya qarşı köklənmiş siyasətçilər və biznes ilə əlaqələri istifadə edə biləcək.
Hələlik hər şey Avropanın həqiqətən dağılmasına işarə edir. Aİ problemlərin öhdəsindən gələ bilir və bunu keçmişdə sübuta yetirmişdi, lakin hazırda o beş və ya altı böhranla üz-üzədir və bu, onun üçün həddindən artıq çox ola bilər. Almaniya kansleri Angela Merkelin də öncədən bildirdiyi kimi, qaçqın böhranı Avropanı dağıtmaq potensialına malikdir.
"İslam dövləti" Avropa şəhərlərinə zərbə endirərək, qərb sivilizasiyasının zəif nöqtəsini tapmağa müvəffəq oldu- ölüm qorxusu. Bununla belə, Putin Avropa üçün terrorçulardan da təhlükəlidir.