“Xainlərə ən ağır cəza verilməlidir“ Dünya

“Xainlərə ən ağır cəza verilməlidir“

Azərbaycanın ehtiyatda olan polkovniki, uğurlu Horadiz əməliyyatının komandiri Şair Ramaldanov bəzi hərbçi və mülki şəxslərin ermənilərlə işbirliyində olması ilə bağlı ötən gün 4 dövlət qurumunun yaydığı məlumata münasibət bildirib.
Polkovnik deyib ki, vətəninə, dövlətinə xəyanət edən şəxslərə kimliyindən aslı olmayaraq ən ağır cəza verilməlidir.
"İnsanlar cürbəcür olur. Cəmiyyətdə yaxşılar olduğu kimi, pislər də var. Xəyanət bağışlanmazdır. Xainlərə deməyə sözüm yoxdur. Cəbhə bölgəsi, şəhidlər, döyüş yoldaşları, bir yandan da belələrinin olması. Belə xəyanətkarlara döyüşən zabit kimi, şəhid verən komandir kimi sözüm yoxdur. Bu haqda danışmaq mənə çox ağırdır".
Şair Ramaldanov qeyd edib ki, bu barədə araşdırmalardan sonra daha ətraflı danışmaq mümkün olacaq: "Hər şey araşdırmadan sonra bəlli olacaq. Onlar özləri ora yığılıblar, yoxsa hansısa yollarla ora salınıblar, bu məsələlər araşdırılır. Araşdırma yekunlaşdıqdan sonra hər şey bəlli olacaq".
Faktla bağlı sosial şəbəkədə aparılan müzakirələrə hərbi ekspert Üzeyir Cəfərov reaksiya verib.
Üzeyir Cəfərov hamının əsəbini, hisslərini anladığını bildirib və insanları təmkinli olmağa səsləyib. Ekspert sosial şəbəkə istifadəçilərindən son dərəcə korrekt və diqqətli olması üçün "acizanə xahiş" edib:
"Belə hadisələr dünyanın əksər ölkələrinin ordularında olub, indi də olur və yəqin ki, nə qədər insan övladı var, olacaq. Ona görə də bu olayın az qala hansısa qarşısıalınmaz faciə kimi qəbul edilməsi yolverilməzdir. Hər şey ciddi nəzarət altındadır və bir qrup adam heç vaxt 100 minlik ordunun döyüş ruhuna və hazırlığına təsir edə bilməz", - ekspert bildirib.
Üzeyir Cəfərov həbs edilən şəxslərin ən pis sözlərlə təhqir edilməsi və onların adının açıqlanmasının tələb edilməsinə də reaksiya verib, qeyd edib ki, onların saxlanılması hələ vətənə xəyanət etdiklərinin təsdiqlənməsi anlamına gəlmir:
"Onların günahı yalnız və yalnız məhkəmə qərarından sonra bilinəcək. İnşallah, tez bir zamanda hər kəs dəqiqliklə biləcək ki, bu çirkin işin təşkilatçıları və icraçıları kim və ya kimlərdir! Ona görə də gəlin biz həbs edilən hərbçilərin və mülki şəxslərin ailə üzvlərinin, doğmalarının vəziyyətini də başa düşək".
Sonda hərbi ekspert bir daha hamıya səslənərək, Silahlı Qüvvələrimizə, vətən uğrunda canından keçməyə qadir olduqlarını ötən ilin aprelində təsdiqləyən əsgərlərimizə ümumilikdə hörmət naminə bu məsələnin şişirdilməməsini, düşmənə əlavə təbliğat imkanı yaradılmamasını xahiş edib.