Moskva dünyanın yarısını tələb edir Dünya

Moskva dünyanın yarısını tələb edir

Rusiya Prezidenti Vladimir Putin Qərbə qarşı nüvə şantajını oğurladıqlarını elə həmin Qərbdə legitimləşdirmək cəhdləri ilə birləşdirir. Bu isə anlaşılması mümkün olmayan ziddiyyətdir. Bunu "Ruskiy monitor" saytına müsahibəsində rusiyalı politoloq Andrey Piontkovski deyib. "Putin rejiminin iki əsas ideologemi həlledilməz ziddiyyət içərisindədir. Oğurlanan pulların Qərbdə yuyulması astronomik miqyasdadır və bu proses davam edir. Hakimiyyət Rusiyanın yenidən ayağa qalxdığını deyir, Moskva ilə ikinci Yalta imzalanması, dünyanın yarısının və ya ən azından postsovet məkanının Moskvaya verilməsini tələb edir", – deyə o bildirib.
O, həmçinin, Rusiyadakı hökumət dəyişikliyinə də münasibət bildirib. O, son təyinatlar sırasında ən bərbadının Rusiya Kənd Təsərüffatı naziri vəzifəsinə Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin oğlu Dmitrinin gətirilməsi olduğunu deyib: "Hakimiyyətdə qohumbazlığın belə aşkar nümayişi böyük Patruşevin Putinə çox yaxınlığının göstəricisidir. Böyük Patruşev Putinin digər ətrafı fonunda dəhşətli cahildir. O, əsl nüvə manyakıdır. Bu adam hətta ictimai şəkildə Rusiyanın lokal konfliktlər zamanı nüvə silahından istifadəsinə israr edən şəxsdir. Bu, həm də o deməkdir ki, onun bütün dünyaya qarşı nüvə şantajı əilə dayanmaq barədə axmaq fikirləri həm də Putinə yaxındır".
Onun sözlərinə görə, Rusiyanın dünyanın yenidən bölünməsi tələblərini hakim təbəqənin oğurladıqlarını Qərbdə legitimləşdirmək hədəfləriylə birləşdirmək mümkün deyil: "Kreml üçün ilk çox ciddi zəng 6 apreldə oldu. O zaman Putinin yaxın ətrafına toxunmayan 4 illik fərqli Qərb sanksiyalarından sonra ilk dəfə Kremlə yaxın 24 şəxsin aktivləri donduruldu. Bunlardan beşi Putinin yaxın ətrafı oldu - Putinin kürəkəni Mixail Şelomov, mühafizəçisi Viktor Zolotov və digərləri. Az adam bu siyahıya neft oliqarxlarından yalnız Vladimir Boqdanovun daxil edilməsinə diqqət etdi. ABŞ maliyyə kəşfiyyatı Boqdanovun "Surqutneft"in səhmlərinin əsas sahibi olduğunu bilir. Daha dəqiq desək, bu aksiyalar şəxsən Putinə məxsusdur".