Avropa İttifaqını dağıtmaq üçün Trampdan Makrona şok təklif Dünya

Avropa İttifaqını dağıtmaq üçün Trampdan Makrona şok təklif

ABŞ Prezidenti Donald Tramp Emmanuel Makrona Fransanın Avropa İttifaqından ayrılmasını məsləhət görüb. Bu barədə ABŞ-ın aparıcı qəzetlərindən biri olan "Vaşinqton Post"da Coş Roqin imzası ilə dərc olunan köşə yazısında qeyd olunub. Cari ilin aprel ayının sonunda Makron və Tramp arasında Ağ Evdə baş tutan gizli görüş zamanı Trampın Makrona "Nə üçün Aİ-dən ayrıla bilmirsiz?"-deyə soruşduğu iddia edilib.
Fransa Aİ-nın ən güclü üzvlərindən biri hesab olunur. İddiaya görə, Trampın bu sualı verməkdə məqsədi Fransanın Aİ-dən ayrılacağı təqdirdə, ABŞ və Fransa arasında imzalanacaq ikitərəfli ticarət müqaviləsindən daha çox fayda əldə etməsidir.
"Ağ Ev"in mətbuat xidməti yayılan məlumatla bağlı açıqlama verməkdən imtina edib. ABŞ lideri isə bu günə qədər öz qərarsızlığı və beynəlxalq qurumlara, müqavilələrə etinasız yanaşması ilə tanınır.
Xatırladaq ki, bundan əvvəl Tramp Şimali Amerika Ölkələri Azad Ticarət Razılaşmasını yenidən müzakirə etmək tərəfdarı olduğu halda, Transpasifik Ticarət və İnvestisiya Tərəfdaşlığından çəkilib. Eyni zamanda, Tramp Aİ ölkələrinin də içində olduğu ölkələrə polad və alüminium ixracına yeni vergilər tətbiq edilməsinə göstəriş vermişdi. NATO üzvlüyünə də şübhə ilə yanaşan ABŞ liderinin geniş ticarət müharibəsinə doğru addımlaması narahatlıq doğurur.