Donetsk aeroportu uğrunda döyüşlər gedir Dünya

Donetsk aeroportu uğrunda döyüşlər gedir

Şərqi Ukraynada separatçılar tutduqları ərazilərin yarıdan çoxunu itirib

Ukraynanın şərqində qanlı döyüşlər ara vermir. Dünən Luqansk ətrafında qızğın döyüşlər davam edib. Məlumatlara görə, Ukrayna Hərbi-Hava Qüvvələri Luqansk yaxınlığında separatçıların mövqelərinə endirdiyi zərbələr nəticəsində 50 silahlı öldürülüb.
Yerli mətbuat yazır ki, aviazərbələr Luqansk aerodromuna yaxın meşə zolağı və ruspərəst qüvvələrin toplaşdığı yerlərə endirilib. 3 ukraynalı hərbçinin öldüyü, 12-nin yaralandığı döyüşlərdə Ukrayna ordusuna məxsus "BMP-2" piyadaların döyüş maşını minaya düşüb. Silahlılar Ukrayna ordusunun nəzarətində olan Donetsk hava limanını minaatanlardan, qumbaraatanlardan və zenit qurğularından atəşə tutublar. Atılan minalardan biri şaxtaçıları daşıyan avtobusa tuş gəlib, nəticədə 4 nəfər ölüb, 9 nəfər yaralanıb.
Donetsk aeroportu isə terrorçular tərəfindən "ZU-23M" özüyeriyən zenit sistemi ilə atəşə tutulub.
Bu barədə Hərbi-siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri, hərbi ekspert Dmitri Tımçuk "facebook" səhifəsində yazıb.
Onun sözlərinə görə, son gecə ərzində terrorçular antiterror güclərinin mövqelərinə bir neçə hücum təşkil edib. Luqansk vilayətinin Rayqorodka və Staraya Krasnyanka yaşayış məntəqələrdəki blokpostların minaatanlardan atəşə tutulduğu bildirilir. Hərbi ekspert antiterror gücləri arasında itkinin olmadığını qeyd edib.
Rusiya-Ukrayna sərhədində də vəziyyət gərgin olaraq qalır. Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının məlumatına görə, Rusiya ilə sərhəddə provokasiyalar davam edir. Dünən Ukrayna hava məkanında Rusiyanın altı vertolyotunun uçuşunun qeydə alındığı bildirilir.
Unian.net saytına istinadən verdiyi məlumata görə, Şərqi Ukraynada separatçılar tutduqları ərazilərin yarısından çoxunu itirib.
Dünən Donetsk vilayətinin Seversk şəhəri azad edilib.
Ukraynanın şərqində hazırda antiterror gücləri və separatçıların yerləşdiyi mövqelərin xəritəsi belədir: "Ukrayna qoşunları hazırda Karlovka rayonu yaxınlığında möhkəmlənib. "İzvarino" və "Dovjanskiy" sərhəd nəzarət- buraxılış məntəqələri separatçıların əlindədir. Onlar həmçinin Donetsk, Luqansk, Severodonetsk və Qorlovkaya nəzarət edirlər".
Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının məlumatına görə, Rusiya ilə sərhəddə provokasiyalar davam edir.